Vətən səsi xəbər verir ki, uzun illərdir Azərbaycanda siqaret istehsalı ilə məşğul olan “Tabaterra” QSC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “tviter” hesabında bildirib. Onun sözlərinə görə, “Tabaterra” QSC ilə bağlı qərardan sonra Ağdam Sənaye Parkının rezidentlərinin sayı 17-yə çatıb.
“Şirkət Parkın ərazisində investisiya dəyəri 40,5 milyon manat olan tütün məmulatlarının istehsalı müəssisəsi yaradacaq və 300 nəfəri işlə təmin edəcək. Bu layihə Qarabağda iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək”, – deyə Mikayıl Cabbarov qeyd edib.
Xatırladaq ki, Ağdam Sənaye Parkının ümumi ərazisi 190 hektardır. Sənaye parkının qurulması iki mərhələdə həyata keçiriləcək və əsas işlər birinci mərhələdə tamamlanmaq üzrədir. Burada istehsal olunmuş məhsullar işğaldan azad edilmiş rayonlarda aparılacaq tikinti-quraşdırma işlərində istifadə ediləcək. Həmçinin bəzi məhsulların yerli və xarici bazarlara çıxarılacağı planlaşdırılıb. Parkının prioritet sahələri tikinti materiallarının istehsalı, qida sənayesi, kənd təsərrüfatı məhsullarının emalı, gübrə istehsalıdır.
Ağdam Sənaye Parkında qeydə alınmış rezidentlər tərəfindən inşa edilmiş ilk müəssisənin bu il fəaliyyətə başlaması gözlənilir.
Elxan SALAHOV