Bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov nazirliyin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin 2-ci iqtisadi forumunda bildirib.
"İşğaldan azad olunmuş ərazilərin inkişafı üçün özəl investisiyaların cəlb olunması əsas prioritetlərimizdəndir və bu ərazilərdə investorlar üçün əlverişli şərait yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya cəlbediciliyini artırmaq məqsədilə, 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər təqdim etmişik. Texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar da 2023-cü ilin əvvəlindən 10 il müddətinə ƏDV və idxal gömrük rüsumundan azad edilib. Həmçinin hüquqi şəxslərin səhmdarlarının dividend gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad olunub. KƏŞ ölkələrindən olan şirkətlər işğaldan azad olunan ərazilərdə fəaliyyət göstərməyə aktiv maraq göstərirlər və bu istiqamətdə bəzi şirkətlərlə danışıqlar aparılır", - o qeyd edib. (Report)