08.09.2024, 08:52
AZ EN
16.07.2024, 13:53 305

Yaz-yay mövsümündə Qarabağ və Şərqi Zəngəzurda işçilərə tələbat daha çox olur

XƏBƏRLƏR
  • Qarabağ və Şərqi Zəngəzurda Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin fəaliyyətə başlaması ilə işğaldan azad olunmuş ərazilərdə iqtisadi canlanma müşahidə olunur. Bu isə öz növbəsində həmin ərazilərdə həyata keçirilən tikinti-quruculuq və bərpa işlərinin geniş miqyas almasına və məşğulluq imkanlarının artmasına səbəb olub.

"Vətən səsi" xəbər verir ki, xüsusilə yaz-yay mövsümündə işsiz vətəndaşları işğaldan azad olunan ərazilərdəki həyata keçirilən bərpa-quruculuq layihələrində işləmək imkanları daha çox maraqlandırır. Hazırda mediada və sosial şəbəələrdə, habelə dövlət orqanlarının rəsmi internet saytlarında Laçın, Şuşa, Zəngilan, Füzuli, Cəbrayıl, Xocalı, Xocavənd, Xankəndi və digər ərazilər üzrə aktiv vakansiya və iş elanlarına tez-tez rast gəlinir.

Yeri gəlmişkən, işğaldan azad olunmuş ərazilərdə iş imkanlarından yararlanmaq istəyənlər üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də dəstək proqramları həyata keçirilir. Dövlət Komitəsinin işğaldan azad olunmuş ərazilərdə yaşayan vətəndaşlar üçün təşkil etdiyi əmək yarmarkası, keçmiş məcburi köçkün ailələrinin reinteqrasiyası ilə bağlı dəstək proqramları da bu qəbildəndir. Bu günlərdə isə Dövlət Komitəsi tərəfindən işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt yaradılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğuluq Agentliyinin elektron xidməti olan "Əmək və məşğulluq" altsistemində isə işğaldan azad olunmuş ərazilərdə iş yerləri ilə bağlı ayrıca vakansiya bankı yaradılıb. Burada yerləşdirilən boş iş yerlərinin demək olar ki, hamısı məhz işğaldan azad olunan ərazilər üzrə olan vakansiyalardan ibarətdir.

İşğaldan azad olunan ərazilərə gedərək orada çalışmaq istəyən şəxslər üçün agentlik tərəfindən də dəstək mexanizmi qurulub. Belə ki, agentliyin rəsmi saytında "Qarabağda iş imkanları" bölməsi yaradılıb və işəgötürənlər tərəfindən quruma təqdim edilən vakansiyalar barədə məlumatlar yer alıb. Burada vakansiyanı təqdim edən şirkət, vakansiya tələbləri, iş rejimi, əməkhaqqı və digər məlumatlarla ətraflı tanış olmaq mümkündür.

Qarabağda və Şərqi Zəngəzurda vakansiyalar işğaldan azad edilmiş rayonlarda köç prosesinin həyata keçirildiyi və yaxın vaxtlarda köçün planlaşdırıldığı əraziləri əhatə edir. Yeni iş yerləri ilə bağlı statistik təhlillər göstərir ki, hazırda tikinti, bərpa, yenidənqurma işləri aparıldığı həmin ərazilərdə təqdim edilən vakansiyalar əsasən mühəndis, usta, fəhlə, elektrik, kassir, satıcı, operator və ictimai iaşə və xidmət sahələrini əhatə edir. Vakansiyalar üzrə tələblər və əməkhaqqı isə işəgötürən tərəfindən tənzimlənir və bu, vəzifəyə görə dəyişir. Məsələn, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin elan etdiyi vakansiyada "Aparıcı mütəxəssis" vəzifəsi üzrə əməkhaqqı 1350-1650, "Baş məsləhətçi" vəzifəsində 2000-2400, "Körpü-bina tikinti" MMC-nin Ağdam rayonunda "Gözətçi" vəzifəsində 600-650, "Az Lux Construktion" MMC-də "SƏTƏM mühəndisi" vəzifəsində isə 350 manat göstərilir.

Elxan SALAHOV

Oxşar xəbərlər