04.08.2025, 18:59
AZ EN
03.06.2025, 14:14 355

BP: Cəbrayıldakı GES-dən istehsal edilən elektrik enerjisi azad olunmuş ərazilərin bərpasına töhfə verəcək

XƏBƏRLƏR
  • Cəbrayıldakı "Şəfəq" günəş elektrik stansiyasında (GES) istehsal edilən elektrik enerjisi Azərbaycanın azad olunmuş ərazilərinin inkişafına əhəmiyyətli dəstək göstərəcək.

Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

"Biz indicə regionda ilk günəş enerjisi layihəmiz olan Cəbrayılda 240 meqavat gücündə GES üçün yekun investisiya qərarını qəbul etdik. Bu layihənin xüsusiyyəti "Azərenerji" ASC ilə imzaladığımız və virtual sövdələşmə adlandırdığımız sazişdir. İstehsal olunan elektrik enerjisi azad edilmiş ərazilərin bərpası və inkişafına dəstək üçün istiqamətləndiriləcək. Biz isə öz növbəmizdə “Səngəçal” terminalının dekarbonizasiyası üçün ekvivalent həcmdə elektrik enerjisi alacağıq", - Q.Cons qeyd edib.

Onun sözlərinə görə, bu, terminalda yanacaqdan istifadə olunmasından imtinaya imkan verəcək və artıq qalan qaz enerji çatışmazlığı yaşayan ölkələrin təchizatı üçün Cənub Qaz Dəhlizinə yönəldiriləcək: “Bu qərar həmçinin terminalın emissiyalarını təxminən 50 % azaltmağa imkan verəcək".

"Bir təşəbbüsün bir neçə məsələni həll etməyə kömək etdiyi belə bütöv yanaşma - bizim can atdığımız məsələdir. Biz bu cür layihələri həyata keçirməyə davam etmək niyyətindəyik", - BP-nin regional prezidenti vurğulayıb.

Q.Cons, həmçinin bildirib ki, BP "yenidən yüklənmə" strategiyası çərçivəsində 2027-ci il də daxil olmaqla neft və qaz istiqamətinə illik investisiyaları 10 milyard ABŞ dollarına qədər artırmağı planlaşdırır: “Məqsəd 2030-cu ilə qədər hasilatın həcmini gündəlik 2,3-2,5 milyon barel neft ekvivalentinə çatdırmaqdır”.

"Bizim prioritet vəzifəmiz iki əsas yatağın potensialından maksimum səmərəli istifadə etməkdir: Bunlar "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku və "Şahdəniz" qaz-kondensat yatağıdır. Məsələn, AÇG-də fəallıq hazırda rekord səviyyədədir: səkkiz qazma qurğusunun hamısı işləyir, qazma işləri tam gücü ilə aparılır. Son bir neçə ildə qazma işlərinin həcmi təxminən 300 % artıb", - o bildirib.

Q.Consun sözlərinə görə, BP həmçinin paralel əməliyyatların (SimOps) aparılması imkanlarını genişləndirir, o cümlədən əsas qazma xəttindən kənar işlərin yerinə yetirilməsinə imkan verən ixtisaslaşdırılmış gəmilərdən istifadə edir: “Paralel olaraq şirkət bütün obyektlərdə metan emissiyalarının ölçülməsi sistemlərini tətbiq edir və karbon izinin azaldılması üçün əlavə yollar axtarır”.

Qeyd edək ki, təxminən 200 milyon ABŞ dolları dəyərində olan "Şəfəq" GES-in tikintisinin 2027-ci ilin ortalarına qədər yekunlaşması gözlənilir. Stansiya bütövlükdə BP şirkətinə məxsus olan “Lightsource BP” şirkəti tərəfindən, əsasən yerli resurslar hesabına tikiləcək və idarə olunacaq. (Report)

Oxşar xəbərlər