"Vətən səsi" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan üçün yad hesab olunan yaklar Qırğızıstanın Narın rayonundan xüsusi nəqliyyat vasitələri ilə Bişkekə gətirilib, oradan təyyarə ilə Gəncə şəhərinə yola salınıb. Seçilmiş heyvanlardan 82-si dişi, 19-u erkək olub. Beş günlük karantin rejimi dövründə seçilmiş dişi yaklardan 15-i balalayıb. Doğulan buzovlardan 6-sı erkək, 9-u isə dişidir. Doğulan balalar da digər heyvanlarla birlikdə Azərbaycana göndərilib.
Təyyarə ilə Gəncə Beynəlxalq Hava Limanına gətirilən yaklar burada xüsusi maşınlarla Ağdərə yolu ilə Kəlbəcər yaylaqlarına aparılıb. Qazxan yaylağında təbiətə buraxılan yakların həm buradakı sürüyə, həm də yerli təbiətə uyğunlaşması prosesi davam edir.
Elxan SALAHOV