21.11.2024, 22:15
AZ EN
24.05.2022, 15:20 311

Akademik Ziyad Səmədzadənin beşcildliyinin təqdimatı olub

XƏBƏRLƏR
  • Mayın 24-də Bakı Biznes Mərkəzində akademik Ziyad Səmədzadənin bu günlərdə işıq üzü görən “Azərbaycan iqtisadiyyatı 100 ildə" beşcildliyinin təqdimatı keçirilib. Müəllifin uzun illik elmi-iqtisadi araşdırmalarının və yaradıcılığının növbəti bəhrəsi olan bu topluda Azərbaycan iqtisadiyyatının son 100 ildə keçdiyi yol elmi cəhətdən geniş təhlil edilir.

Tədbirdə çıxış edən akademik Ziyad Səmədzadə bildirib ki, beşcildliyinin ərsəyə gəlməsində əsas məqsəd ulu öndərimiz Heydər Əliyevin 1997-ci il yanvarın 17-də AMEA-nın akademikləri və müxbir üzvləri ilə görüşündə XX əsrdə və müstəqillik illərində Azərbaycanın inkişaf tarixinin yazılması ilə bağlı səsləndiyi fikirlər, təklif və tövsiyələr olub.

Kitabın V cildi Qarabağ zəfərinə və bölgənin iqtisadi tarixinə və potensialına, bərpası və gələcək inkişafı mövzusuna həsr edilib. Bu cilddə müstəqillik illərində tor­paqlarımızın azad edilməsi ilə bağlı aparılan sülh danışıqları, bununla bağlı Heydər Əliyevin və Prezi­dent İlham Əliyevin siyasi uğurları, Ermənistanın bütün siyasi platforma­larda diplomatik küncə sıxışdırılması, Vətən müharibəsində qazanılmış şanlı Zəfərimiz əsas diqqət yetirilən məsələlərdir. Müəllif işğaldan azad olunan ərazilərimizin son 100 ildə iqtisadi və demoqrafik inkişafı məsələlərinə, onların potensialının Azərbaycan iqtisadiyyatının inkişafına verəcəyi töhfələrə nəzər salmışdır.

Bu cildin əhatə etdiyi aktual məsələlər Vətən müharibəsindəki Qələbə kontekstində təhlil olunur. Bil­dirilir ki, Azərbaycanın güclənməsi və xalqımızın tarixi zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi, dövlət başçısının həyata keçirdiyi iqtisadi in­kişaf siyasətinin nəticəsində mümkün olmuşdur. Bu müharibə Azərbaycanın XX əsrdə, müxtəlif şəraitlərdə yaşadı­ğı dövrün parlaq səhifəsidir. Qarşıda isə xalqımızı Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni qələbələr, Qarabağ və Şərqi Zəngəzurun bərpası və keç­miş məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü gözləyir.

Təqdimatda AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, Milli Məclisin komitə sədrləri Eldar İbrahimov və Hicran Hüseynova, Xalq yazıçısı Çingiz Abdullayev, UNEC-in rektoru professor Ədalət Muradov, professorlar Qorxmaz İmanov və Məhiş Əhmədov, iqtisad elmləri doktoru Qüdrət Kərimov və digərləri çıxış ediblər.

Oxşar xəbərlər