22.11.2024, 00:41
AZ EN
15.10.2024, 12:12 170

Qarabağda torpaq icarəsində güzəştli şərtlər tətbiq olunacaq

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlardan həmin ərazilərdə qeydiyyatda olmayan vətəndaşlar və sahibkarlıq subyektləri də istifadə edə biləcək. Yerli sakinlərdən fərqli olaraq, Azərbaycanın digər bölgələrindən olan şəxslər və ya sahibkarlıq subyektləri üçün həmin torpaqlar investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Üstəlik onlar Qarabağ və Şərqi Zəngəzurda istifadə etdiyi torpağın sahəsinə görə daha çox icarəhaqqı ödəyəcəklər.

"Vətən səsi" xəbər verir ki, bu məsələ “Torpaq icarəsi haqqında” qanuna təklif olunan əlavə və dəyişikliklərdə bağlı qanun layihəsində öz əksini tapıb. Milli Məclisin Aqrar siyasət komitəsində müzakirə edilən layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Layihədə qeyd olunur ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Aydın Hüseynov güzəştlərin nədən ibarət olacağını şərh edərkən bildirib ki, icarəyə verilən torpaqlar ilk növbədə həmin ərazidə qeydiyyatda olan şəxslərə təklif olunacaq. Belə ki, torpaqları işğaldan azad edilmiş kənd və qəsəbələrin sakinləri icarəyə götürə biləcəklər. Lakin icarəyə götürən şəxsin həmin kənd və qəsəbənin sakini olması kimi bir məcburiyyət də yoxdur. Sahibkarlıq subyektlərinə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Millət vəkili bildirib ki, dəyişiklik eyni zamanda əhalinin məşğulluğunun da təmin olunmasına hədəflənib. Aydın Hüseynovun sözlərinə görə, "Torpaq icarəsi haqqında" qanuna təklif olunan dəyişiklik parlamentin Aqrar siyasət komitəsində müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər