22.11.2024, 05:24
AZ EN
01.08.2023, 12:09 379

Qarabağın iqtisadi inkişafı naminə daha bir güzəşt

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək özəl sahibkarlıq və biznes qurumları üçün bir sıra güzəştlər nəzərdə tutulur. Qarabağ və Şərqi Zəngəzurda iqtisadi fəallığın artırılmasına və özəl sahibkarlığın stimullaşdırılmasına xidmət edən güzəştlər arasında bir neçə fəaliyyət istiqamətləri üzrə vergi güzəştləri də nəzərdə tutulub.

“Vətən səsi” xəbər verir ki, biznes strukturlarının maraqlarına cavab verən bu cür güzəştlərdən birinin də tətbiqinə başlanıb. Bu, Qarabağda və Şərqi Zəngəzurda daşınmaz əmlakla bağlı xidmətlərə 50 faizlik güzəştdir. Belə ki, Azərbaycanda daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqı məbləğlərinə Abşeron rayonunda, Gəncə və Sumqayıt şəhərlərində 0,8 əmsalı, digər şəhər və rayonlarda 0,7 əmsalı, işğaldan azad olunmuş ərazilərdə isə 0,5 əmsalı tətbiq ediləcək. Sözügedən güzəştlər Tarif (Qiymət) Şurasının daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərarı ilə tənzimlənəcək.

Qərarda o da deyilir ki, qanunla şəhid ailəsinin üzvləri hesab olunanların, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına hesablanmış xidmət haqqı məbləğlərinə 0,5 əmsalı tətbiq edilir.

Əmsallar daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı və qeydiyyatı ilə bağlı müraciətlərdə göstərilən konkret hallara uyğun olaraq bu cədvəlin bölmələrində müəyyən edilmiş tariflərə müvafiq ardıcıllıqla tətbiq edilir və göstərilən xidmətə görə yekun xidmət haqqı hesablanaraq müəyyən edilir.

Bəs, Tarif Şurasının bu qərarı işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən biznes strukukturlarına, həmin ərazilərin özünün iqtisadi potensialının artmasına nə dərəcədə təsir edə bilər?
İqtisadçı ekspert Rövşən Ağayev bildirir ki, Qarabağda və Şərqi Zəngəzurda daşınmaz əmlakla bağlı xidmətlərə 50 faizlik güzəştlərin tətbiq edilməsindən sonra həmin ərazilərdə fəaliyyət göstərən böyük şirkətlərin fəaliyyətini stimullaşdırmaqla həm dövlət büdcəsində gəlirlərin artmasına təkan verəcək, həm də özlərinin biznes maraqlarını təmin edə biləcəklər. Onun sözlərinə görə, bu güzəştlər şirkətlərin Qarabağda biznes fəaliyyəti göstərmək istəməsini stimullaşdıracaq ki, bu da işğaldan azad edilmiş ərazilərin gələcək inkişafı baxımından mühüm faktordur: “Dövlətin tətbiq etdiyi fiskal və sosial güzəştlər fonunda sahibkarların bu sahədə fəallığı bölgənin qısa müddət ərzində bərpasına və inkişafına öz töhfəsini verəcək”.

Ekspert analoji addımların işaldan azad edilmiş ərazilərdə turizm və digər biznes fəaliyyəti ilə məşğul olan şirkətlə üçün də atılmasının vacib olduğunu deyir. Onun sözlərinə görə, dövlətin bu istiqamətdə atdığı addımlar Qarabağ və Şərqi Zəngəzurda bərpa ve yenidənqurma işlərini sürətləndirə, 30 il müddətində doğma yurd-yuvasından didərgin düşmüş əhalinin geriyə qayıdışını asanlaşdıra və həmin ərazilərdə iqtisadi potensialın artmasına böyük təkan verə bilər: “Buraya həmin bölgələrin Qafqaz regionun nüfuzlu və böyük gəlir gətirə bilən turizm zonasına çevrilməsindən tutmuş əhalinin məşğulluğunadək bir çox məsələlər daxildir. İndi Qarabağın və Şəri Zəngəzurun inkişafı, dayanıqlı iqtisadi potensialın formalaşdırılması üçün çox böyük imkanlar yaranıb. Bu imkanlardan lazımı səviyyədə istifadə olunsa işğaldan azad olunmuş ərazilər müəyyən müddətdən sonra Azərbaycanın dövlət büdcəsinin formalaşmasında böyük paya sahib ola bilər”.
Elxan SALAHOV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR