31.05.2025, 23:47
AZ EN
30.05.2025, 17:50 106

İşğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturu layihələri müzakirə edilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi qrupunun növbəti iclası Ağdamda keçirilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) bildirilib.

İclasda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəqliyyat və rabitə infrastrukturu üzrə qarşıya qoyulmuş tapşırıqların icrası ilə bağlı görülmüş işlər, hazırda davam edən layihələr və gələcək planlara dair aidiyyəti qurumların məlumatları dinlənib, layihələrin icrası ilə bağlı cari vəziyyət, qarşıda duran işlər və onların həlli yolları ətraflı müzakirə edilib.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi qrupunun rəhbəri Rəhman Hümmətov çıxış edərək bildirib ki, Dövlət Proqramına, eyni zamanda “2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə yaşayış sahələrinin istifadəyə verilməsi və əhalinin köçürülməsinə dair qrafik”ə uyğun olaraq hazırda həmin ərazilərdə avtomobil və dəmir yollarının bərpa və tikintisi, yeni hava limanlarının inşası və fəaliyyəti, ictimai nəqliyyat xidmətlərinin, o cümlədən şəhər və rayonlarda müntəzəm sərnişin daşımalarının təşkili və müvafiq infrastrukturun yaradılması, telekommunikasiya və poçt şəbəkələrinin qurulması kimi strateji layihələrin icrası davam etdirilir.

R.Hümmətov Laçın rayonunda bölgədə sayca üçüncü olan beynəlxalq hava limanının tikintisinin başa çatdırıldığı və rəsmi açılış mərasiminin keçirildiyini, həmçinin uzunluğu 224,1 km olan 7 avtomobil yolunda işlərin başa çatdırıldığını, bununla yanaşı, ümumi uzunluğu 2644 kilometr olan 40 layihə üzrə avtomobil yollarının tikintisi işlərinin qrafikə uyğun aparıldığını qeyd edib. Həmçinin bildirib ki, dəmir yolu infrastrukturunun bərpası çərçivəsində Bərdə – Ağdam dəmir yolu xəttinin çəkilişi başa çatdırılıb, Horadiz – Ağbənd dəmir yolu xəttində isə tikinti-quraşdırma işlərinin 66%-i tamamlanıb.

İclasda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na və köç qrafikinə uyğun olaraq həyata keçirilən nəqliyyat və rabitə infrastrukturu layihələri barədə çıxışlar edilib, layihə sənədlərinin aidiyyəti qurumlarla razılaşdırılması, tikinti üçün torpaq sahələrinin ayrılması, zəruri ərazilərin minalardan təmizlənməsi, mina təhlükəsizliyi üzrə tədbirlərin daim nəzarətdə saxlanılması, həyata keçirilən layihələrin əhəmiyyəti, onların icrasının İdarələrarası Mərkəz vasitəsilə əlaqələndirilməklə həyata keçirilməsi və digər vacib məsələlərlə bağlı müzakirələr aparılıb.

İclasda Dövlət Proqramında sahə üzrə nəzərdə tutulan tədbirlərin vaxtında icrası ilə əlaqədar aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsi, həmçinin yerlərdəki tikinti-quraşdırma və bərpa işlərində müasir texnologiyaların tətbiqinin zəruriliyi və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Səfər çərçivəsində Ağdam şəhərinin daxili yol-nəqliyyat, həmçinin kommunikasiya şəbəkəsinin qurulması işlərinə, Bərdə – Ağdam dəmir yolu, Bərdə – Ağdam – Əsgəran avtomobil yolu, Əsgəran – Xocalı – Xankəndi avtomobil yolu, Ağdam – Xankəndi magistral fiber-optik xəttin çəkilişi layihəsi, Ağdam rayonunda məskunlaşan Sarıcalı kəndində təşkil edilən telekommunikasiya və nəqliyyat xidmətlərinə baxış keçirilib. (APA)

Oxşar xəbərlər