İşğaldan azad olunan ərazilərdə sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün 500 milyon manat kredit portfeli müəyyənləşdirilib.
"Vətən səsi" xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib. O, çıxışında qeyd edib ki, ötən dövr ərzində fond bu mexinizmi idarə etmək üçün bir platforma yaradır və hazırda bununla bağlı banklar ilə danışıqlar aparır. İşğaldan azad olunmuş ərazilərdə yaradılacaq yeni mexanizmi 500 milyon kommersiya kredit portfelində, 150 milyon manat subsidiya ödənilməsi nəzərdə tutulub.
Fond sədri deyib ki, işğaldan azad olunan ərazilər üçün 500 milyon manat kredit portfelinin müəyyənləşdirilməsi ilə hər sahibkar 5 milyon manat kredit əldə edə bilər.
Kreditin maksimal məbləği 5 milyon manat, müddəti isə 7 ilədək olacaq.
Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üçün nəzərdə tutulan kreditlər illik 15 faiz dərəcəsi ilə veriləcək və bunun 10 faizi fond tərəfindən subsidiyalaşdırılacaq.
Xatırladaq ki, yeni yaradılan bu mexanizm fevral ayından etibarən işə düşəcək.
Elxan SALAHOV