O, qeyd edib ki, İran Parlamentinin Azərbaycanın İsraildə səfirliyinin açılmasının qəti şəkildə qınanması ilə bağlı bəyanatı İranın riyakarlığının, ölkəmizə qarşı təxribatının növbəti ifrat nümunəsidir. Burada belə haqlı sual yaranır: "İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində hər zaman İslam həmrəyliyindən danışan İran bu təşkilatın Azərbaycanla bağlı qərarlarına niyə biganə yanaşır, Ermənistana davamlı siyasi və hərbi dəstək göstərir?
90-cı illərin əvvəllərində Ermənistan Azərbaycan torpaqlarını işğal edəndə, ermənilərin atdıqları mərmilər İran ərazisinə düşəndə, işğalda olan ərazilərimizdə 67 məscid barbarcasına dağıdılanda, içərisində donuz və inək saxlanılanda niyə İran islam həmrəyliyindən çıxış edərək bu vəhşiliyə etiraz etmədi?
Şuşada Gövhər Ağa məscidinin, İrəvanda Göy məscidin tarixini kim saxtalaşdırıb? Qərbi Azərbaycanda, İrəvanda yüzlərlə məscidin, Azərbaycanlıların qəbirlərinin barbarcasına dağıdılmasına niyə İran göz yumdu?
Bəs işğal olunmuş ərazilər İran tərəfindən talan edildikdə İslam həmrəyliyi İranın niyə yadına düşmürdü? Bəs Ermənistana terrorçular göndərəndə, silah verəndə necə?".
Deputat daha sonra əlavə edib ki, Azərbaycanla Ermənistan arasında münaqişəyə görə Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik əlaqələri kəsdi və ya ümumiyyətlə, qurmadı. Bəs İran nə etdi? Bir tərəfdən Ermənistanı, o biri tərəfdən isə Azərbaycan daxilində terrorçu qrupları dəstəklədi. Son günlər ölkəmizdə baş verən hadisələr bunu bir daha təsdiq etdi: "Budurmu İslam həmrəyliyi və müsəlman təəssübkeşliyi? Odur ki, İranın İslam həmrəyliyindən danışmağa ən azından mənəvi haqqı yoxdur.
Azərbaycanın istənilən dövlətlə əlaqə qurmağa tam hüququ var və kimsə daxili işlərimizə qarışaraq bizə: "Bu dövlətlə əlaqə qur, o dövlətlə qurma", -deyə bilməz.
Millət vəkili "İranın ölkəmizə qarşı təxribatları ilə bağlı sənədin hazırlanaraq İslam Əməkdaşlıq Təşkilatının iclaslarından birində müzakirəyə çıxarılmasını təklif etdiyini diqqətə çardırıb bildirib.
O, İranın təsirinə düşən vətəndaşlara da müraciət edib: "İranın uzun illərdir apardığı yalan təbliğata uymayın. Bu yanlış yoldan geri dönün. Gec-tez bu yolda olan hər kəs bir gün qanun qarşısında mütləq cavab verəcək",- deyə fikrini sona çatdırıb.
Tahirə AĞAMİRZƏ