Bunu TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı zamanı deyib.
“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada, Azərbaycanın azad edilmiş ərazisində, neçə illər işğal altından olmuş tarixi Azərbaycan ərazisində keçirilməsi tarixi hadisədir. Bütün dünyadan həmvətənlərimizin buraya gələ biməsi hər kəsə güclü təsir bağışladı. Hamı yüksək əhval-ruhiyyədədir və bu əhval Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı zamanı xüsusilə müşahidə olundu. O, hər kəsi Azərbaycanın gələcəyinə inamı və əminliyi ilə ruhlandırdı və ölkənin planları barədə danışmaqla böyük təəssürat oyatdı. Qurultayın bütün iştirakçıları yaşadıqları yerdən asılı olmayaraq hər zaman öz doğma torpaqlarına onun gələcəyi, uğurları və nailiyyətləri ilə bağlıdır. Biz arzulayırıq ki, Azərbaycan üzərində həmişə dinc səma olsun. Əsas odur ki, Azərbaycan bu gün dünya ictimaiyyətinin hörmətli üzvlərindən biridir, gələcəyə inamla baxır və fikrimcə, möhtəşəm planlara malikdir. Əminəm ki, bu planlar reallaşacaq”, - deyə o bildirib.
M.Qusman qeyd edib ki, Azərbaycanın münasibətlərin normallaşması üçün Ermənistana təqdim etdiyi təkliflər iqtisadi baxımdan bütün regionun inkişafına imkan verəcək.
“Yeni kommunikasiyalar, yeni nəqliyyat qovşaqları olacaq, əlavə iqtisadi imkanlar yaranacaq. Azərbaycan üçün bu vacibdir, bütün region üçün vacibdir. Azərbaycan məhz bu kontekstdə öz unikal imkanları ilə iqtisadi və sosial-mədəni layihələrin inkişafında bütün regionun mərkəzinə çevriləcək”, - M.Qusman deyib. (Trend)