Ermənilərin Göyçəyə ilk gəlişi 1831-ci ildən başlayıb. Onlar əvvəlcə Kəvərdə, Basarkeçərdə və Hərədüzdə məşkunlaşaraq pinəçi, dülgər, bənna, dərzi kimi fəaliyyətə başlayıblar. Sonra getdikcə ətraflarını möhkəmləndiriblər. 1918-ci ilin mayında daşnaklar hakimiyyətə gələn zaman Ermənistan (İrəvan quberniyası) 15-dən çox böyük mahaldan ibarət olub. Onlar Ermənistan dövləti yaratmaq üçün dəridən-qabıqdan çıxırdılar. Türkmənçay müqaviləsindən sonra ermənilər böyük dövlətlərə arxalanaraq Göyçəyə 17-18 dəfə hücum edib dinc əhalini kütləvi surətdə, vəhşicəsinə qətlə yetirmişdilər. Bu qırğınlardan biri də 1918-1919-cu illər fəlakətidir. O zaman Gərnibasar, Dərəçiçək, Pəmbək, Dağ Borçalı, Ağbaba ətrafında qanlı döyüşlər gedib və günahsız azərbaycanlılar öldürülüb. 1918-1919-cu illərdə Gümrü ətrafında 10 min azərbaycanlı qətlə yetirilib. Andranik Uzunyanın, Dronun, Njdenin qanlı fəaliyyəti bütün mahalları da əhatə edib.
Bu sözləri Qərbi Azərbaycanın Göyçə mahalından olan Əmiraslan Cəfərov deyib.
Əmiraslan Cəfərov qeyd edib ki, o vaxtlar Göyçədə bir erməni generalı – Selikov (Sulikov) peyda olub. Selikov 1905-ci il erməni-müsəlman davasında Azərbaycanın Şəki qəzasının Qayabaşı kəndindən Gəncəyə, sonra da Göyçənin Qaranlıq (indiki Martuni) rayonuna – Basarkeçərə yaxın yerə gəlib çıxıb. Selikov Nikolayın sağ əli olub. O, Göyçə mahalındakı bütün erməni qoşunlarına sərkərdəlik edib, oradakı müsəlmanlara qan uddurub. Ermənilər ingilislərdən toplar alıb gətirib və Nikolayın fitvası, Selikovun göstərişi ilə müsəlman kəndlərini talayıb, evləri dağıdıb, mal-qaranı, ərzağı qoşunun atları üçün aparıblar. Daşnak sərkərdə Selikovun qoşunu Göyçənin böyük kəndlərindən olan Şişqayanı alova qərq etmişdi. O vaxt iclas keçirmək adı altında kənd əhalisi bir neçə böyük evə doldurularaq onlara od vurulmuş, nəticədə 700-ə yaxın sakin yanıb kül olmuşdu.
Aşıq Nəcəf iki oğlu ilə birgə 1918-1919-cu illərdə daşnaklara qarşı vuruşub. O, həmçinin telli sazı ilə haqqı xalqına çatdırıb. Aşıq Nəcəfin Şəmistan və Şəmiddindən başqa, Mikayıl, Astan və İsmayıl adlarında oğulları da olub. 1919-cu ildə ermənilərin Göyçə mahalına silahlı hücumu zamanı Nəcəf əsir düşüb, Basarkeçərdə, “Küllü təpə” deyilən ərazidə belinə odlu samovar bağlanaraq beş oğlu ilə birlikdə vəhşicəsinə öldürülüb.
Hacı Rəhim ermənilərə, həmçinin Sulikova qan uddurub. Sulikov və Andranik Hacı Rəhimdən çox qorxublar. Göyçədə Zodlu Səməd ağanın gördüyü tədbirlər nəticəsində Göyçə mahalı üzrə sərkərdə, Şişqayalı Kor Tanrıverdi, dövlət nümayəndəsi Qaraimanlı Məşədi İsa, Daşkənddə Qocaman oğlu Mədət, Göyçənin igid, qəhrəman oğlu, koroğlusu Hacı Rəhim, Aşıq Nəcəf, Zodlu Məcid və Göyçənin ağsaqqalları Sulikovun Zodda öldürülməsi planını hazırlamışdılar.
Əmiraslan Cəfərov bildirib ki, Səməd ağanın və Məşədi İsanın başçılığı ilə Sulikov Zodda öldürülüb. Ondan sonra Kor Tanrıverdi və Səməd ağa Basarkeçər qalasında həbsə salınıb. Səməd ağanın hirsindən ürəyi partlayıb, Kor Tanrıverdi isə öldürülüb. Kor Tanrıverdinin həyat yoldaşı Kəsəmənli Məleykə xanım çox cəsur, igid bir qadın olub. O, ermənilərlə vuruşub. O dövrdə onun silahı təndirin üstündəki xəçirgət (dəmir əşya) olub. O, qılınc kimi iti xəçirgətlə 17 ermənini qanına qəltan edib, özü də qəhrəmancasına həlak olub. Lakin ermənilər onun iki əkiz oğlunu vəhşicəsinə öldürüblər.
Sulikovun ölümündən sonra ermənilər yasa batıblar, hətta sülh barışığı elan etmək istəyiblər. Lakin Andranikin fitvası Sulikovun ölümündən sonra ermənilər “Nikolay” hökumətinin köməyi ilə hər tərəfdən Göyçəyə qoşun yeridib, ingilislərdən gətirdikləri topları işə salıblar.
O vaxt hadisə iştirakçılarından olan Bahram yazır: “Mən Basarkeçərin tatar əhalisini heç nəyə məhəl qoymadan məhv etdim. Döyüşdən sonra yaralananların hamısını bir quyuya doldurub başlarına ağır daşlar tökdüm ki, onlar bir də yer üzündə görünməsinlər. Bütün qadınları, kişiləri, uşaqları bu üsulla öldürürdüm”. (Revolyusyonnıy, Vostok № 2-3, 1936).
Daşnaklar hakimiyyətdə olduqları müddətdə (1918-ci ilin mayından 1920-ci ilin noyabrına qədər) 440-dan çox azərbaycanlı kəndini yandırıb məhv edib, 100 minlərlə azərbaycanlının qaçqına çevrilməsinə səbəb olublar. Z.Qorqodyan “Son 100 ildə” adlı əsərində yazıb: “Daşnakların təmizləmə siyasəti nəticəsində 1919-cu ildə hesabatdan uzaqlaşdırılmış (qovulmuş) türklər 20.000 nəfər, 1920-ci ildə isə 60.000 nəfər təşkil edir”.
1905-1919-cu illər arasında baş verən erməni-azərbaycanlı müharibələri dövründə düşmənə qarşı döyüşən dəstələr böyük qəhrəmanlıqlar göstərib. Həmin dəstələrə başçılıq edən cəsur xalq oğullarının şücaəti və adı həmişəlik xalqımızın mübarizə tarixinə yazılıb. Onlardan Məşədi İsa, Qayabaşılı İsgəndər (Ac Aslan), Ələsgəroğlu Bəşir, Məşədi Qəmbər, Qaçaq Rəhim, Kor Hümbət, Kor Tanrıverdi, Məşədi Qasım, Qlava Balı, Məşədi Mehdi, Cığal Həsən, Topal Oruc, Məşədi Hümbət, Kalvayı Abbasəli, Dəli İsmayıl, Şeşə Ələkbər, Yekə İbrahim, Qaçaq Pirverdi və Kəsəmənli Qaçaq Kərəm, İsrafil ağa, Dərəçiçəkli Qaçaq Rüstəm və başqaları Göyçə dağlarında at oynadıb, igidlik göstəriblər.
“Ən dəhşətli repressiyalardan biri 1948-1952-ci illərdə həyata keçirilən mənfur “Köçürülmə” siyasəti idi. İ.V.Stalini ələ alan A.Mikoyan, eləcə də erməni diasporu azərbaycanlıları Ermənistandan sürgün etmək kimi mənfur bir əməliyyatı həyata keçirməyə müvəffəq oldular. 150 mindən çox adam öz dədə-baba yurdundan məcburi surətdə çıxarılaraq vaqonlara dolduruldu və naməlum istiqamətlərə göndərildi. Onlar Azərbaycanın Kür-Araz ovlağında yerləşdirildilər. O dövrdə Göyçə mahalının Kərkibaş kəndindən bizim Hacı Hasan tayfamız Ucarın Qazyan kəndinə köçürüldü. Atam Zeynalabdin Qazyan kəndinin 2 saylı orta məktəbində direktor işləyirdi. Atamın Cabbar əmisi və bir çox digər şəxslər istiyə dözməyərək həlak oldular.
1980-ci illərdə, xüsusilə M.Qorbaçovun rəhbərliyi dövründə ermənilər “Türksüz Ermənistan” ideyasını həyata keçiriblər. 1988-ci ildə 211 min azərbaycanlı Ermənistandan çıxarıldı. Onlardan 40 mindən çoxu Basarkeçər rayonunun sakini idi. Beləliklə, son 100 ildə Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlı qəddarlıqla qovulub çıxarılıb”, - deyə Ə.Cəfərov vurğulayıb. (AZƏRTAC)