25.04.2024, 20:41
AZ EN
07.04.2022, 13:30 329

Azərbaycanlılara qarşı törətdiyi bəşəri cinayətlərə görə Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməli olacaq

XƏBƏRLƏR

Ermənistanın azərbaycanlılara qarşı apardığı düşmənçiliyin tarixi qədimdir. Bu düşmənçilik etnik zəmində aparıldığından zaman-zaman müxtəlif regionlarda fərqli üsullarla həyata keçirilib. Bütün bunların əsasında isə işğalçılıq siyasəti, erməni xisləti dayanıb.

Bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib.

Deputat qeyd edib ki, Birinci Qarabağ müharibəsində Ermənistan bu və ya digər rayonu işğal etmək üçün kəndlərdə irimiqyaslı təxribatlar, qətliamlar törədirdi. Ermənistanın işğal etmək niyyətində olduğu rayonlardan biri də Kəlbəcər idi. Kəlbəcərin işğalından təxminən bir il əvvəl – 1992-ci il aprelin 8-də rayonun Ağdaban kəndinin sakinləri dəhşətli faciə ilə üz-üzə qaldılar. Bu kənddə törədilənlər insanlıq, bəşəriyyət əleyhinə cinayət, əsl soyqırımı idi. 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırıldı, yer üzündən silindi.

“Bu hadisəni Böyük Vətən müharibəsində faşistlərin Belarusun Xatın kəndində törətdiyi faciə ilə müqayisə etmək olar. Ağdaban kəndinin 800 nəfərə yaxın dinc sakininə müxtəlif işgəncələr verildi, 70-ə yaxın sakin amansızlıqla qətlə yetirildi. Qazaxın Bağanis Ayrım, Xocavəndin Qaradağlı, Xocalının Meşəli kəndlərində törədilən faciələr kimi, bu qətliam da erməniliyin mahiyyətinin nə olduğunun təsdiqi kimi tarixiləşdi. Belə faciələrə görə beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri tərəfindən ciddi qınanmayan Ermənistan Xocalıda əsrin faciəsini törətdi”, - deyə S.Xasayeva vurğulayıb.

Deputat əlavə edib ki, Ağdaban faciəsindən az sonra Ermənistan havadarlarının hərbi yardımından bəhrələnərək Kəlbəcəri işğal etdi. Bu, təkcə torpaqların işğalı ilə məhdudlaşmırdı, ermənilər əhaliyə qarşı da olduqca iri miqyasda cinayətlər törətməyə davam edirdi.

S.Xasayeva 2020-ci ildə Vətən müharibəsində qazanılan Zəfərdən sonra Kəlbəcərdə aşkarlanan kütləvi məzarlıqların Ermənistanın törətdiyi soyqırımının miqyasının böyüklüyünün göstəricisi olduğunu diqqətə çatdırıb. Xalqımıza qarşı törədilən heç bir faciənin yaddan çıxmayacağını qeyd edən deputat bildirib: “Bu faciələrin hər biri tariximizdir. Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən sonra yaralarımız qaysaq bağladı. Ancaq bu qanlı tarixlər, başımıza gətirilən müsibətlər heç vaxt yaddan çıxmayacaq.

Azərbaycan öz Qələbəsi ilə həm də erməni faşizmini məhv etdi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 25-də xalqa müraciətində dediyi kimi, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, həm də erməni faşizmi üzərindəki qələbədir”.

Deputat vurğulayıb ki, erməni faşizminin Bağanis Ayrım, Qaradağlı, Meşəlidə, Malıbəyli, Quşçular, Ağdaban və Xocalıda törətdiyi soyqırımlar bəşəri cinayətlərdir. Ermənistan bütün bunlara görə həm Azərbaycan qarşısında, həm də beynəlxalq hüquq qarşısında cavab verməli olacaq.

“Ümummilli Liderin əsasını qoyduğu azərbaycançılıq ideyasından ilham alan Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və sərkərdəliyi ilə erməni faşizmini məhv etdi. Biz düşmənə yerini göstərdik. O, elə məhv edilməyib ki, bir də özünə gələ bilsin. Biz birlikdə güclüyük”, - deyə Səbinə Xasayeva bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər