20.09.2024, 12:48
AZ EN
11.11.2022, 11:44 359

Böyük Atatürk unudulmur!

XƏBƏRLƏR
  • Türkiyə dövlətinin hərbi və siyasi xadimi, Türk Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 84-cü ildönümü ilə əlaqədar Anıtqəbirdə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi mərasim keçirilib.

Ərdoğan Atatürkün məqbərəsi üzərinə qırmızı və ağ qərənfillərdən ibarət ay-ulduzlu çələng qoyub. Atatürkün 84 il əvvəl dünyasını dəyişdiyi saat 09:05-də bir dəqiqəlik sükutla yad edilib, sonra İstiqlal Marşı oxunub.

Prezident Ərdoğan Anıtqəbir Xatirə Dəftərinə bu sözləri yazıb: “Əziz Atatürk, Millətimizin əsrlik xəyallarını reallaşdırana qədər dayanmaq yoxdur, hücumlar qarşısında təslim olmayacağıq, mübarizəmizi əzmlə davam etdirəcəyik". 

Qardaş Azərbaycanda da Türk dünyasının dahi lideri böyük ehtiramla yad edilib. Türkiyənin Gəncədəki Baş Konsulluğunda anım mərasimi keçirilib. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. 

Tədbir Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Zeki Öztürk bildirib ki, dahi şəxsiyyət Mustafa Kamal Atatürkün apardığı islahatlar nəticəsində ölkə sürətlə inkişaf edib: "Bu gün Türk xalqı böyük Atatürkün miras qoyduğu qayda-qanunlara hörmətlə yanaşır və ideyalarını həyata keçirirlər. Mustafa Kamal Atatürk Azərbaycan xalqının qəlbində də böyük iz buraxıb. Atatürkün hələ o zamanlar dediyi "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözləri bu iki dövlətin bir-birinə olan qardaşlıq əlaqələrini daha da möhkəmləndirib". 

Sonda Mustafa Kamal Atatürkün xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tvitter hesabında isə belə yazılıb:

“Əziz xatirəsi qardaş xalqlarımızın yaddaşında əbədi yaşayan böyük dövlət xadimi, sərkərdə və siyasətçi Mustafa Kamal Atatürkü dərin hörmətlə anırıq”.

Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün anım günündə Naxçıvan şəhərində ucaldılan abidəsi də ziyarət edilib, xatirəsi yad olunub.

Anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Məhmət Emin Kiraz abidə önünə gül çələngi qoyub.

Anım mərasimində Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1881-ci ildə Selanikdə doğulub, 10 noyabr 1938-ci ildə İstanbulda vəfat edib.

Türk dünyasının böyük lideri, unudulmaz şəxsiyyət, Türkiyə  Cümhuriyyətinin banisi Qazi Mustafa Kamal Atatürkün xatirəsi əbədi olaraq tarixin yaddaşında və qəlbimizdə yaşayacaq. Böyük Öndərin ruhu şad olsun.

Mina RƏŞİD

Oxşar xəbərlər