"Vətən səsi" Ermənistan mətbuatına istinadən xəbər verir ki, Simonyan Köçəryan-Sərkisyan cütlüyünü erməni xalqını aldatmaqda və milli maraqlara xəyanətdə ittiham edib. Parlament sədri jurnalistlərə açıqlamasında deyib ki, Robert Köçəryan qocalıb və onun heç "Ermənistan" fraksiyasına da rəhbərlik etməyə qabiliyyəti çatmır: "Açıq görünür ki, fraksiyaya o rəhbərlik etmir, "Daşnaksütyun" orada hakimiyyəti ələ keçirib, qalanlar sadəcə, peykdir. Ümumiyyətlə, Köçəryan liderlik haqqında düşünməməli və bir daha bu barədə danışmamalıdır".
Spiker qarşıdakı parlament seçkilərində Robert Köçəryanı ağır məğlubiyyətin gözlədiyini proqnozlaşdırıb. Somonyanın fikrincə, Köçəryan parlament seçkilərində keçid baryerini aşa bilməyəcək: "Bu məsələ onun narahat olduğu əsas mövzu budur: növbəti parlament seçkilərində keçid baryerini aşıb parlamentə düşəcək, yoxsa bütün resurslarını digər partiyalar ələ keçirəcək? Bu, onun üçün aktual məsələdir".
Simonyan onu da deyib ki, 2021-ci ildə "Ermənistan" blokuna səs vermiş seçicilərin böyük hissəsi Köçəryana səs verməyəcək. Onun fikrincə, həmin seçicilərin böyük hissəsi səsini başqa müxalif partiyaya verəcək: "Robert Köçəryanözü də bundan xəbərdardır. Ümumiyyətlə, keçid baryerini cəmi 2-3 müxalif qüvvə aşa bilər, biri Samvel Karapetyan, digəri Qaqik Sarukyan variantıdır. Hər ikisi müxalifətin birinci qüvvəsi olmaq üçün yarışacaq. Bunu seçki kampaniyası dövründə daha aydın görəcəyik".
Erməni spiker keçmiş prezident Serj Sərkisyanın da siyasi səhnədən birdəfəlik çəkildiyi qənaətindədir: "Ermənistanın sabiq prezidenti Serj Sərkisyan mənim üçün siyasi keçmişdir. O, artıq siyasi xadim kimi siyasi meydanda mövcud deyil, mövcud ola da bilməz. Həmin şəxs rədd edilib və tarixdə də rədd edilmiş olaraq qalacaq".
Parlamentin sədri keçmiş prezidentin rəhbəri olduğu "Respublikaçı" Pariyasının Baş naziri Nikol Paşinyana impiçment cəhdini xatırladaq deyib ki, Ermənistan ictimaiyyəti bu cəhdləri ciddiyə almayıb: "Yaxın vaxtlarda seçki keçiriləcək, hansı impiçment, hansı küçə mübarizəsindən söhbət gedə bilər? "Respublikaçılar"ın seçkilərdə iştirak etmək üçün 400 nəfəri belə yoxdur, hansı impiçmenti edəcəklər?!".
Elxan SALAHOV