Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib. O bildirib ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif beynəlxalq platformalarda Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalı olan məsələlər bu günə qədər uğurla davam etdirilir:
"Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında Cənab Prezidentin apardığı xarici siyasət və diplomatiya məhz əldə olunmuş qələbələrin nümunəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın qələbə əldə etdikdən sonra mövqeyindəki prinsipiallıq Münxendəki konfransda da özünü göstərdi. Müharibə yeni bitdikdən sonra Cənab Prezident çıxışlarında qeyd edib ki, Azərbaycanda Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Qarabağ problemi tarixə qovuşub. Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu var. Qarabağda yaşayan etnik ermənilər Azərbaycanın vətəndaşlarıdır. Onların təhlükəsiz və sülh şəraitində yaşamasının qarantı Azərbaycan dövlətidir. Eyni zamanda, Qarabağda yaşayan ermənilərin Ermənistana gedib-gəlməsini asanlaşdırmaq məqsədi ilə Laçın rayonundan keçən yolun təhlükəsizliyi Azərbaycan tərəfindən qorunmalıdır. Həmçinin, Azərbaycan dövləti sərhəddə nəzarət-buraxılış məntəqələrinin yaradılmasını, Azərbaycan-Ermənistan arasında tarixi sənədlərə əsaslanaraq delimitasiya və demarkasiya işlərinin aparılmasını, sərhədlərin dəqiqləşdirilməsini prinsipial mövqe kimi ortaya qoyub.
Münxendə keçirilən konfransda da Cənab Prezidentin bu məsələləri bir daha ortaya qoyması Azərbaycanın prinsipial mövqeyindən xəbər verir. Bu mövqe Azərbaycan xalqının iradəsini özündə ifadə edir. Prezident İlham Əliyevin apardığı uğurlu siyasət Ermənsitan-Azərbaycan münasibətlərinin normallaşması nöqteyi-nəzərdən irəliyə atılmış addımdır. Bunlar Azərbaycanın Qarabağdan qanunsuz talanan sərvətlərinin qarşısının alınması, tarixi Zəngəzur dəhlizinin açılması, Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi və bunun əsasında sülh müqaviləsinin imzalanması baxımından irəli atılan addımdır. Bu, Azərbaycan diplomatiyasının qələbəsi kimi qiymətləndirilməlidir.
Hazırladı: Tahirə AĞAMİRZƏ