20.10.2024, 01:27
AZ EN
04.11.2022, 09:26 730

Xalqa bağışlanmış ömürdən anlar: 1982-ci il

XƏBƏRLƏR

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

4 yanvar. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Bakı Neft Emalı zavodunda yeni qurğuların inşasının başa çatması ilə əlaqədar keçirilən tədbirdə iştirak edib.

14 yanvar. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin, Vaqif Poeziya evinin açılış mərasimlərində çıxış edib. Şuşa Tarix muzeyi ilə tanış olub.

20 yanvar. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Tixon Xrennikov və Niyazinin konsertinə tamaşa edib.

12 fevral. Azərbaycan boru prokat zavodunda keçirilmiş yığıncaqda çıxış edib.

5 mart. Azərbaycan KP MK-nın plenumunda nitq söyləyib.

22 mart. Cəfər Cabbarlının heykəlinin açılışında iştirak edib.

26 mart. “Elektroştamp” Bakı təcrübə-sınaq zavodunda keçirilmiş yığıncaqda çıxış edib.

9 may. C.Naxçıvanski adına respublika hərbi internat məktəbində olub.

10 may. Bakının “Neftçi” komandasının rəhbərləri və futbolçuları ilə görüşüb.

18 may. Bəstəkar Qara Qarayevin dəfn mərasimində nitq söyləyib.

4 iyun. Bakı şəhərində qastrolda olan SSRİ Böyük Teatrının yaradıcı heyətinin bir qrupu ilə görüşüb.

10 iyun. Bakıda görkəmli müğənni Bülbülün ev-muzeyinin açılışında iştirak edib.

2-3 iyul. Lənkəran şəhər və Astara rayon partiya komitələrinin plenumlarında nitq söyləyib.

17 iyul. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 60 illik yubiley tədbirində çıxış edib.

29 iyul. Şuşada Vaqif poeziya günlərində iştirak edib.

31 iyul. Xankəndidə Azərbaycan yaradıcılıq ittifaqlarının idarə heyətlərinin birləşmiş səyyar plenumunda nitq söyləyib.

3 avqust. Şuşada Natəvanın abidəsinin açılışında nitq söyləyib.

7 sentyabr. Pambıqçılıq rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrini keçirib.

11 sentyabr. Üzümçülük rayonlarının partiya-təsərrüfat fəallarının zona müşavirələrində çıxış edib.

24 sentyabr. Azərbaycana gəlmiş L.İ.Brejnevi qarşılayıb. Təntənəli yığıncaqda nitq söyləyib.

1-2 oktyabr. Naxçıvan MSSR-ə səfər edib.

5 oktyabr. Respublikada keçirilən “Lenfilm” kinostudiyası günlərinin iştirakçılarını qəbul edib.

12 oktyabr. Azərbaycan KP MK-da rəssamlarla görüşüb.

18 oktyabr. M.F.Axundovun 170 illiyinə həsr olunmuş mərasimdə iştirak edib.

25 oktyabr. Azərbaycanın sahə həkimlərinin I qurultayında nitq söyləyib.

26 oktyabr. Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsi Sibirdən gətirilib.

2 noyabr. Hüseyn Cavidin Sibirdən gətirilmiş cənazəsi ilə vida mərasimində iştirak edib.

22 noyabr. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçilib.

24 noyabr. SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edilib.

6 dekabr. Moskvaya yola düşüb.

X X X

Ötən əsrin 70-80-ci illərində neft emalı sənayesinin yenidən qurulması üçün irimiqyaslı layihələr həyata keçirildi. Yeni Bakı Neft Emalı Zavodunda (Azərneftyanacaq) ELOU-AVT-6 qurğusu istismara verildi. Bu, o dövr üçün ən müasir, yüksək istehsal gücünə malik kombinə edilmiş atmosfer-vakuum qurğusu idi. 1982-ci il yanvarın 4-də Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Bakı Neft Emalı zavodunda yeni qurğuların inşasının başa çatması ilə əlaqədar keçirilən tədbirdə iştirak etməsi bu sahəyə verilən önəmin daha bir göstəricisi oldu.

Həmin dövrdə respublikada qara və əlvan metallurgiyanın inkişafı da diqqət mərkəzində idi. 1982-ci il fevralın 12-də Heydər Əliyev Azərbaycan boru prokat zavoduna gedərək poladəridənlərlə və boruyayanlarla görüşdü, onların əmək şəraiti ilə tanış oldu, müəssisə kollektivinin yığıncağında çıxış edərək qarşıda duran vəzifələri müəyyənləşdirdi.

1982-ci ildə Azərbaycanın mədəni-ədəbi mühiti bir sıra tədbirlərlə yaddaqalan oldu. Belə ki, Heydər Əliyevin iştirakı ilə yanvarın 14-də Şuşada Molla Pənah Vaqifin məqbərəsi açıldı. Sovet dövründə xanın vəzirinin şərəfinə məqbərə ucaltmaq böyük cəsarət tələb edirdi. Məhz Heydər Əliyevin əzmi və iradəsi sayəsində buna nail olundu. Dahi rəhbərin məqbərənin açılışında söylədiyi nitq onun Şuşaya, bu qədim şəhərin mədəni mühitinə verdiyi yüksək qiyməti əks etdirirdi.

Sitat. Şuşa qədirbilən şairlər, musiqiçilər, rəssamlar məskəni kimi məşhur olmuşdur. Buranın havasında poeziya və musiqi duyulur, təbiət özü yaradıcılığa ruhlandırır, ilham gətirir. Burada mədəniyyət ustaları üçün yaradıcılıq evi tikmək məqsədəuyğun olardı.

Heydər Əliyev Şuşaya səfəri çərçivəsində, həmçinin “Poeziya evi”ni açdı. Şuşa Tarix muzeyi ilə tanış oldu, Rəsm qalereyasının açılışını etdi. Respublika rəhbəri Üzeyir Hacıbəylinin və Bülbülün Şuşadakı ev-muzeylərinə baş çəkdi və oradakı eksponatların qorunmasına dair tövsiyələr verdi.

1982-ci ilin yayında Qarabağa yenidən səfər edən Heydər Əliyev Vaqif Poeziya günlərində iştirak etdi. Onun iştirakı ilə Şuşada şairə Xurşidbanu Natəvanın abidəsinin açılışı oldu. Xankəndidə Azərbaycan yaradıcılıq ittifaqlarının idarə heyətlərinin birləşmiş səyyar plenumunda nitq söylədi.

1969-1982-ci illərdə Şuşa şəhərinin siması xeyli dəyişdi. Keçmişdə tikilmiş binalar, tarixi abidələr bərpa edildi, yeni çoxmərtəbəli yaşayış binaları, mehmanxana kompleksləri, inzibati binalar tikildi. Bununla yanaşı, Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrildi.

1982-ci ildə ölkənin mədəni-ictimai həyatında digər mühüm hadisə oktyabrın 26-da Hüseyn Cavidin cənazəsinin Uzaq Sibirdən Bakıya, noyabrın 2-də isə Naxçıvana gətirilməsi oldu. Bundan sonra Cavidin əsərləri kütləvi tirajlarla nəşr edildi, yubiley tədbirləri keçirildi, əsərləri teatr səhnələrinə çıxdı, adı küçələrə, məktəblərə, kitabxanalara verildi.

Həmin dövrdə Bakıda Cəfər Cabbarlının heykəli və Bülbülün ev-muzeyi açıldı, Mirzə Fətəli Axundovun 170 illiyi, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin 60 illiyi qeyd olundu. Heydər Əliyev həmin tədbirlərdə şəxsən iştirak etdi.

Böyük Teatrın yaradıcı heyətinin qastrolu, “Lenfilm” kinostudiyasının günləri Bakının mədəni həyatına rəng qatdı.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində respublikada həkim kadrlarının hazırlığı yüksək vüsət aldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. 1982-ci il oktyabrın 25-də sahə həkimlərinin birinci qurultayında iştirak edən respublika rəhbəri qurultayda səslənən fikirləri, qaldırılan məsələləri nəzərə alaraq, “Əhalinin sağlamlığının qorunmasına dair əlavə tədbirlər haqqında” qərar qəbul etdi.

Dahi rəhbərin gördüyü böyük işlər, yüksək təşkilatçılıq qabiliyyəti, Azərbaycanı qısa müddətdə iqtisadi baxımdan ittifaq miqyasında öncüllər cərgəsinə çıxarması, SSRİ-nin beynəlxalq əlaqələrinin genişlənməsində Heydər Əliyevin rolu Mərkəzi hökumətin diqqətindən yayınmadı. O, 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü seçildi, noyabrın 24-də SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin edildi.

Heydər Əliyevin Cəfər Cabbarlının abidəsinin açılış mərasimindəki nitqindən

 

• Cəfər Cabbarlı əsərlərində öz dövrünün fəlsəfəsini və psixologiyasını, dövrlər arasındakı qırılmaz əlaqəni, xalqın tarixi müqəddəratının rəşadətli səhifələrini açıb göstərmişdir.

Şair, nasir və dramaturq Cabbarlının yaradıcılığı çoxşaxəlidir. Onun gördüyü işlər - sözün əsl mənasında, yorulmaz əmək fədaisinin hünəridir. O, müasir Azərbaycan dramaturgiyasının bünövrəsini qoymuşdur, bu dramaturgiyanın inkişafının əsas istiqamətlərini müəyyən etmişdir.

• Azərbaycan kino sənətinin təşəkkülü, o illərin dram və opera səhnələrinin ən yaxşı tamaşaları, parlaq publisistika və dərin professional teatr tənqidi Cabbarlının adı ilə bağlıdır.

• Cabbarlının simasında Azərbaycan mədəniyyəti elə bir yeni tipli sənətkar tapdı ki, onun üçün ədəbiyyat və sənət yalnız real həyatı əks etdirmək vasitəsi deyildi, həm də həyatın mürəkkəb inkişafına fəal müdaxilə etmək vasitəsi idi.

• Cəfər Cabbarlı ustad bir tərcüməçi kimi böyük yaradıcılıq rəşadəti göstərərək doğma Azərbaycan mədəniyyətinin üfüqlərini genişləndirmiş, Lev Tolstoyun qüdrətini və dühasını, Şekspirin fəlsəfi dərinliyini, Şillerin romantizmini, Maksim Qorkinin həqiqətpərvər yaradıcılığını Azərbaycan oxucusuna çatdırmışdır.

Qara Qarayevin dəfn mərasimindəki nitqindən

• Qara Qarayev bizə özünün bədii dəyərinə görə valehedici irs qoyub getmişdir. Bu irs opera və baletdən tutmuş süitalar və mahnılaradək bütün bəstəkarlıq janrlarını əhatə edir. Qara Qarayev bu janrların hər birində Azərbaycanın musiqi sənətində yeni yollar açan, onun dünyaşöhrətini ucaldan əsərlər yaratmışdır.

• Qara Qarayevin dünya miqyasında şöhrət qazanmış və təqdir olunmuş əsərləri bütün sovet musiqi sənətinin inkişafında mühüm mərhələdir.

• Qara Qarayevin öz təbiətinə görə milli olan əsərləri məzmunu, ruhu və mahiyyəti etibarı ilə beynəlmiləl əsərlərdir. Onlar Azərbaycan xalqının qədim musiqi mədəniyyətinin bütün zənginliyini, Qarayevin böyük müəllimləri Üzeyir Hacıbəyovun və Dmitri Şostakoviçin, rus, dünya klassik və müasir musiqisi korifeylərinin bütöv bir dəstəsinin yaradıcılığını özündə təcəssüm etdirir.

• Qara Qarayev özünün erudisiyası, yüksək professional və ümumi mədəniyyəti, hərtərəfli biliyi ilə təkcə bəstəkarların deyil, həm də bütün Azərbaycan mədəniyyəti xadimlərinin estetik baxışlarının formalaşmasına və yaradıcılıq sarıdan yüksəlişinə çox böyük təsir göstərmişdir.

Azərbaycan Dövlət Simfonik Orkestrinin yaranmasının 60 illik yubileyindəki nitqindən

• Bu gün fərəh hissilə deyirik ki, Azərbaycan simfonizminin ən yaxşı nümunələri dünyanın müasir musiqi sənətinin nailiyyətləri səviyyəsinə yüksəlmişdir, Azərbaycanda yetkin, orijinal simfonik məktəb formalaşmışdır. Azərbaycan bəstəkarlarının ən yaxşı əsərləri sovet musiqisinin qızıl fonduna daxil olmuşdur. Azərbaycan simfonik musiqisini bütün dünyada geniş miqyasda tanıtmışdır.

• Tam əsasla demək olar ki, simfonik musiqi sahəsində Azərbaycan bəstəkarlarının müvəffəqiyyətləri Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestrinin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır.

• Janr və forma etibarilə simfoniya musiqi sənətinin nailiyyətlərinin zirvəsidir, qiymətli mənəvi sərvətlərin təcəssümüdür. Simfonizmin əsasını musiqinin yüksək sosial qayəsi, insanın mənəviyyatca kamilləşməsində onun böyük rolu haqqında humanist ideya təşkil edir. Məhz buna görə də simfonik musiqinin bədii cəhətdən yüksək səviyyədə ifa olunması ifaçılıq sənətinin məsul vəzifəsidir, onun nailiyyətlərinin meyarıdır. Orkestr bu mürəkkəb yaradıcılıq vəzifəsini öz işində müvəffəqiyyətlə yerinə yetirir.

Azərbaycan rəssamları ilə görüşdəki nitqindən

• Azərbaycanın təbiəti, bizim səmanın, dağların və düzənlərin, bizim dənizin əlvan boyaları təsviri sənət ustaları üçün tükənməz ilham mənbəyidir.

• Xalqımızın zəngin keçmişini, onun qəhrəmanlıq tarixini təsviri sənətdə əks etdirməkdən ötrü rəssamın qarşısında geniş fəaliyyət meydanı açılır. Bizim qədim mədəniyyətimiz vardır.

• Təsviri sənətin bütün janrları bizim üçün əhəmiyyətlidir. Lakin ənənəyə görə təsviri sənətdə rəngkarlıq üstün mövqe tutur. Biz istərdik ki, özünəməxsus milli koloritə malik Azərbaycan rəngkarlıq məktəbi eyni zamanda dünya rəngkarlığının nailiyyətlərinə tam uyğun şəkildə inkişaf etsin.

• Hər bir rəsm əsəri tamaşaçılarda özünün təkcə daxili fəlsəfəsi, məzmunu, mövzunun, qayənin dərindən açılması ilə deyil, həm də, rəng çalarları ilə, boyaların zəngin palitrası ilə sevinc, fərəh hissi doğurmalıdır.

• İllüstrasiya sahəsində, Nizaminin, Xaqaninin, Füzulinin, Nəsiminin, Vaqifin və Azərbaycan poeziyasının başqa klassiklərinin yaradıcılığının motivləri əsasında rəsm əsərləri yaratmaq sahəsində iş rəssamlar üçün mühüm fəaliyyət meydanıdır.

AZƏRTAC

Oxşar xəbərlər