09.06.2025, 01:55
AZ EN
24.10.2024, 13:47 320

Ermənilər Fransa və İrana daha çox inanır

XƏBƏRLƏR
  • Ermənistan cəmiyyəti Rusiyadan üz döndərir, indi bu ölkədə “əsas tərəfdaşlar” Fransa və İran hesab olunur.

"Vətən səsi"nin məlumatına görə, ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) Ermənistanda keçirdiyi sorğunun nəticələri belə deməyə əsas verir. Sorğunun nəticələrinə əsasən, ermənilər Fransanı İrəvanın “ən mühüm siyasi tərəfdaşı” hesab edir. Respondentlərin 59 faizinin fikrincə, Ermənistanın ən mühüm siyasi tərəfdaşı məhz Fransadır. Bu dəyərləndirmə üzrə ikinci yerdə 58 faizlə İran, üçüncü yerdə 48 faizlə ABŞ, dördüncü yerdə 41 faizlə Hindistan, beşinci yerdə 34 faizlə Avropa Birliyi ölkələri gəlir. Sorğuda iştirak edənlərin cəmi 33 faizi Rusiyanı Ermənistanın mühüm siyasi tərəfdaşı kimi dəyərləndirib. Rəyi soruşulanların 30 faiz isə bu statusda Çini görür.

Ermənistanda nəşr olunan “Past” qəzeti rəy sorğusu vasitəsilə müəyyənləşdirilən bu siyasi mənzərəni Qərblə əməkdaşlığı üstün tutan Paşinyan hökumətinin anti-Rusiya siyasətinin nəticəsi kimi dəyərləndirir: “Etiraf etmək lazımdır ki, Paşinyanın inqilabi yolla hakimiyyətə gəlişindən sonra Ermənistan Rusiya ilə münasibətləri əhəmiyyətli dərəcədə pisləşib. Bu, onun məqsədyönlü şəkildə həyata keçirdiyi siyasətin nəticəsidir”.

Məqalədə Baş nazir Nikol Paşinyan və komandasının 2018-ci ildən anti-Rusiya siyasəti apardığı dəfələrlə vurğulanır.

Elxan SALAHOV

Oxşar xəbərlər