"Vətən səsi" xəbər verir ki, Milli Məclisin deputatı Rasim Musabəyov ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin fevral ayında Azərbaycan və Ermənistana gözlənilən səfərini şərh edərkən belə deyib. O, "Teleqraf"a müsahibəsində bildirib ki, ABŞ-Ermənistan münasibətlərinin hazırkı səviyyəsi Zəngəzur dəhlizinin açılmasını da nəzərdə tutur. Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması bölgə dövlətlərini narahat etməməlidir: "Qonşu Gürcüstanda bəziləri bu mövzuda spekulyasiya ilə məşğul olur. İddiaları da odur ki, Azərbaycanla Ermənistan arasında bilavasitə yol açılsa, Gürcüstan itirəcək və s. Fakt isə odur ki, Azərbaycan Gürcüstanın dəmir yollarının modernləşməsinə, Axalkalaki-Qars dəmir yolunun tikintisinə bir milyard dollar həcmində kredit ayırıb. Bu kreditlər isə həmin dəmir yollarının istifadəsi ilə geri qaytarılmalıdır. Ona görə də, həmin yoldan yüklərin dövriyyəsi sürətlə artır".
Siyasi şərhçi deyib ki, dövlət müstəqilliyinin bərpasından sonrakı dövr ərzində Azərbaycanla Ermənistan arasındakı heç bir ticarət əlaqəsi mövcud olmayıb. Ona görə də indiki halda Gürcüstanın bu məsələdə nə isə itirəcəyi ilə bağlı iddialar əsassızdır: "Sözsüz ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması şəraitində iki ölkə arasında kommunikasiya xətləri bərpa edilməlidir. Bu, ilk növbədə Mehridən keçən dəmir yolu ilə bağlıdır. Dəmir və avtomobil yolları ilə yanaşı, fiberoptik və elektrik xəttinin, qaz kəmərinin də buradan keçməsi nəzərdə tutulub. Bununla ilk növbədə Naxçıvanın ehtiyacları təmin ediləcək. Bütün bunlar isə gələcəkdə nəzərdə tutulan məsələlərdir. Həmçinin Qazax-İcevan yolu da bərpa olunacaq".
Elxan SALAHOV