27.01.2026, 17:33
AZ EN
27.01.2026, 15:20 107

Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı

ŞƏRQİ ZƏNGƏZUR
  • Genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı Qarabağ və Şərqi Zəngəzur bölgəsinin iqtisadi potensialı da dirçəlir. Beynəlxalq hava limanları (Füzuli, Zəngilan və Laçın), avtomobil və dəmir yolları, enerji və dağ-mədən sənayesi, turizm layihələri iqtisadi fəallığa geniş imkanlar yaradır. Əsaslı şəkildə yenidən qurulmuş l3 min 300 kilometrdən çox avtomagistrallar, Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolları, habelə beynəlxalq hava limanları bölgənin nəqliyyat əlaqəsini təmin edir.

İnnovativ kənd təsərrüfatı modellərinin tətbiqi, aqroparklar, filiz yataqları və metallurgiyanın inkişafı da Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialında mühüm yer tutur. Regionun böyük günəş, külək və hidroenerji potensialından istifadə edərək “Yaşıl enerji" zonasına çevrilməsi sahəsində böyük layihələrin icrası davam edir.

Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonunda bərpa və yenidənqurma işlərinin aparılması, bölgə iqtisadiyyatının inkişaf etdirilməsi prioritet hesab olunur. Regionda kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı tələbata uyğun vergi güzəştləri tətbiq edilir ki, bu da sürətli və dayanıqlı layihələrin həyata keçirilməsinə, yeni iş yerlərinin yaradılmasına hesablanıb. Böyük Qayıdış proqramı çərçivəsində əhalinin məskunlaşması və sahibkarlıq üçün yaradılan güzəştli şərtlər, yeni sənaye parkları, kənd təsərrüfatına ayrılan subsidiyalar iqtisadi aktivliliyi artırır.

Xatırladaq ki, 2021-ci ildə yenidən təşkil olunan Qarabağ iqtisadi rayonuna Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Şuşa, Tərtər, Xocalı və Xocavənd rayonları, eləcə də Xankəndi şəhəri daxildir. Regionun başlıca güclü tərəflərindən biri coğrafi müxtəlifliyidir ki, bu da iqtisadi imkanların artmasını stimullaşdırır. Həm dağlıq, həm də düzən əraziləri əhatə edən bölgənin gur sulu çayları burada kiçik su elektrik stansiyalarının (KSES) yaradılması üçün əlverişli imkan yaradır. Eyni zamanda çay kənarı təbiət mənzərəli turizm obyektlərinin açılması da prioritet hesab olunur. Bu amil bölgədə yaşayan insanların işlə təmin olunmasına, regionun və bütövlükdə ölkə iqtisadiyyatının dirçəldilməsinə kömək edəcək.

Qarabağ iqtisadi rayonu kənd təsərrüfatı məhsullarının, o cümlədən taxıl, pambıq, şəkər çuğunduru, günəbaxan, kartof, tərəvəz, bostan bitkiləri, müxtəlif giləmeyvələr, üzüm istehsalı üçün də böyük potensiala malikdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad edilmiş ərazilərinin potensialında istifadə ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Həmçinin bölgənin zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması, dayanıqlı məskunlaşmanın təmin olunması məqsədilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsinə dair yeni hədəflər müəyyən edilib. Ağdam rayonunun əlverişli coğrafi mövqeyi, sosial-iqtisadi inkişaf imkanları, yük axınlarının gələcək təmərküzləşməsi və digər mühüm logistika potensialı nəzərə alınaraq Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanı əsasında 190 hektar ərazidə Sənaye Parkı yaradılıb. Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” isə 200 hektar ərazini əhatə edir. Burada logistika mərkəzinin, müxtəlif xidmət və innovativ sənaye sahələrinin, o cümlədən tikinti materialları istehsalı müəssisələrinin yaradılması prioritet hesab edilir. Hər iki Sənaye Parkının rezidentləri qeydiyyata alındığı tarixdən 10 il müddətinə mənfəət vergisi, əmlak vergisi, torpaq vergisi, idxal olunan avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunur.

2030-cu ilədək açılması nəzərdə tutulan Zəngəzur dəhlizinin fəaliyyətə başlaması isə nəinki Qarabağ və Şərqi Zəngəzurun iqtisadi imkanlarını genişləndirəcək, beynəlxalq tranzit rolunu oynayacaq bu iritutumlu kommunikasiya layihəsi Azərbaycan Respublikanın dövlət büdcəsinə milyardlar qazandıracaq.

 

RÖYA SALMANQIZI

Oxşar xəbərlər