Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən tapdağından azad edilən ilk rayon mərkəzi məhz Cəbrayıl idi. Prezident İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli sərəncamından sonra rayon mərkəzi və Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 ev, 96 şagird yerlik məktəb, məscid, 35/10 kilovoltluq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, habelə “Azəravtoyol” ASC-nin xüsusi təyinatlı yol istismar müəssisəsi və digər infrastrukturlar tikilərək istifadəyə verilib. Eyni zamanda 110/35/10 kilovoltluq "Cəbrayıl" yarımstansiyası, "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları fəaliyyət göstərir.
Dövlət başçısının 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurla həyata keçirilir. Azad edilmiş ərazilərdə 10-dan artıq şəhərin, o cümlədən Cəbrayılın Baş planı hazırlanıb və hazırda bərpa-quruculuq işləri məhz bu plan əsasında görülür. Prezident İlham Əliyevin “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” 13 sentyabr 2017-ci il tarixli sərəncamı əsasında həyata keçirilən layihənin də icrası artıq başa çatdırılıb.
Dövlət Proqramına əsasən yenidən qurulan Cəbrayıl şəhərinə sakinlərin doğma yurduna köçürülməsinin ilk mərhələsi də yekunlaşmaq üzrədir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə yola salınıb. Cəbrayıl şəhərinə köçürüləcək əhalinin sayının 2026-cı ilin sonunadək təqribən 3800 nəfərə, 2040-cı ilədək isə 15 min nəfərə çatdırılacağı gözlənilir. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, rayon mərkəzinin bərpası 4 mərhələdə həyata keçiriləcək. Bunun üçün 143 hektar ərazi ayrılıb, burada ortamərtəbəli binaların, həyətyanı sahəyə malik fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq nümunələri əsas götürülüb.
Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə əsas diqqət infrastruktur layihələrinin icrasına yönəldilib. Məqsəd ata-baba yurduna qayıdan soydaşlarımızın həyat şəraitinin yüksəldilməsi və onların məşğulluğunun təmin edilməsidir.
Röya SALMANQIZI