“Vətən səsi” xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Cəbrayıl rayonunun Şükürbəyli 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) kənd yaşayış məntəqəsində musiqi məktəbinin və inzibati binanın tikintisi” üzrə tenderin nəticələrini açıqlayıb. Bu ilin aprelində elan edilmiş tenderin qalibi “Azertikinti-M” MMC olub. Artiq sifarişçi tərəflə qalib şirkət arasıında ümumi maliyyə dəyəri 1 milyon 948 min 960 manat məbləğində müqavilə imzalanıb. Müqavilə öhdəliklərinə uyğun olaraq qalib şirkət həmin vəsaitlə Şükürbəylidə 360 şagird yerlik tam orta məktəb tikəcək.
Xatırladaq ki, 1042 ailənin daimi yaşayış ünvanı kimi yenidən qurulan Şükürbəyli kəndinin layihələndirilən ümumi ərazisi 298 hektardır. Burada məskunlaşacaq əhalinin yaşayış yükünü nəzərə alaraq, məhəllələrin salınmasının birinci mərhələsi üçün 184 hektar torpaq sahəsi ayrılıb. Bu mərhələdə kənddə 635 fərdi evin tikilməsi nəzərdə tutulur. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə yaxın olan Dəjəl, Şıxəliağalı kəndləri vә Mahmudlu qəsəbəsi ilə birlikdə layihələndirilib.
Kənddə məktəb binası ilə yanaşı uşaq bağçası, inzibati bina, klub icma mərkəzi və çoxfunksiyalı bina, ticarət mərkəzi, bazar, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, məscid, qonaq evinin inşası planlaşdırılıb.
Elxan SALAHOV