08.09.2024, 07:13
AZ EN
26.10.2022, 16:19 292

Politoloq: Ermənistan və İran istəməsə də, Azərbaycan qalib ölkə olaraq qarşıya qoyduğu məqsədlərə çatacaq

XƏBƏRLƏR

Son zamanlar İranın rəsmi olaraq açıq şəkildə Azərbaycanın regiondakı mövqeyinə xələl gətirən siyasi manevrlər və təhdidlər etməsi müşahidə olunur. Əgər əvvəllər bu proses İran tərəfindən sözdə ifadə edilirdisə, indi artıq Araz çayı sahilində hərbi təlimlər keçirməklə “əzələ nümayişi”i kimi praktiki mərhələyə qədəm qoyub.

İran tərəfindən Azərbaycana qarşı sərgilənən bu mövqeyin kökündə qısqanclıq, din pərdəsi altında gizlənmiş iqtisadi maraqların qorunması və ölkəmizin artan beynəlxalq nüfuzundan irəli gələn qorxaqlıq sindromu dayanır. Dini, mədəniyyəti və ortaq tarixi olan dövlətin və qonşunun bu cür radikal münasibətini başqa sözlə izah etmək olmaz.

Bu fikirləri  açıqlamasında politoloq Amid Əliyev söyləyib.

Politoloq qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra İranın radikal dini qrupları və bir sıra siyasi dairələri tərəfindən Azərbaycana qarşı dəfələrlə təhdidlər səsləndirilib. Hətta bu azmış kimi, mənbəyi İranın dərinliklərində yerləşən təxribatçı qruplardan formalaşmış insanları Azərbaycanda daxili siyasi sabitliyi pozmağa sövq ediblər. Nəticəsi isə İranın gözlədiklərinin tam əksinə oldu. Belə ki, Azərbaycan cəmiyyəti bir nəfər kimi dövlətinin və Prezidentinin yanında olduğunu növbəti dəfə sübut etdi. İranın dini emissarları Azərbaycanı tərk edəndən sonra belə bir vəziyyətlə qarşılaşmaq onlar üçün heç də ürəkaçan olmadı. Ümumiyyətlə, rəsmi Tehran Azərbaycana qarşı irad və təhdidlərini hər zaman din pərdəsi altında bildirməyi üstün tutub. Amma real tarixi faktlar bunun əksini deyir.

“30 illik münaqişə dövründə İran bircə dəfə də olsun öz din qardaşlarının köməyinə gəlmədi, qətlə yetirilmiş azərbaycanlılara görə Ermənistana təzyiqlər etmədi. Həmçinin Qarabağda məscidlərimiz dağıdılıb, azanlar kəsiləndə İran susdu. Qonşu ölkə sərhədlərimiz nəzarətsiz qalanda hərbi təlimlər keçirib Ermənistana xəbərdarlıq etmədi, 30 illik işğal dövründə İran sahibkarları Qarabağda ermənilərlə əlbir olub daş üstündə daş qoymadılar. Bununla bərabər, İran Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə belə gecikdi. İndi - regionda yenidənqurma və bərpa işlərinin sürətli getdiyi bir zamanda, Zəngəzur vilayətinin mühüm nəqliyyat qovşağına çevrilməsi ərəfəsində Azərbaycanla sərhəddə, qapımızın önündə hərbi təlimlər keçirir. Bildirir ki, “biz sərhəd dəyişikliyinə dözməyəcəyik”. Bu ifadələr heç bir məntiqə sığmır. Bu azmış kimi, İranın xarici işlər naziri bu günlərdə Ermənistana səfər edir və Qafanda İranın konsulluğunu açır. Açılış zamanı İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian Ermənistanın təhülkəsizliyini regionun təhülkəsizliyi kimi qiymətləndirir, iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmağın vacibliyini vurğulayır. Rəsmi Tehranda da analoji olaraq Ermənistanın konsulluğunun açılmasını təklif edir. Bəyanatları şərh etsək bu qənaətə gəlmək olar ki, İran Ermənistanı siyasi və iqtisadi cəhətdən dəstəkləməkdə israrlıdır. Həmçinin Ermənistanın təhlükəsizliyini regional səviyyədə səsləndirməklə İranın ermənipərəst siyasət yürütməsini bir daha açıq şəkildə ifadə edir. Öz iqtisadi maraqlarını dinə qurban verməyə hazır olan İran Ermənistanla ticarət dövriyyəsini artırmağa, diplomatik münasibətləri inkişaf etdirmək üçün isə Tehranda erməni konsulluğunu açmağa hazır olduğunu bəyan edir. Bütün bunlar onu deməyə əsas verir ki, İranın hazırki mövqeyi bölgədə sülhə təhlükə yaratmaq, inteqrasiya proseslərini gecikdirmək və yenidənqurma işlərinə maneə olmağa hədəflənib”, - deyə politoloq vurğulayıb.

O bildirib ki, Ermənistan nə siyasi-iqtisadi, nə coğrafi, nə də təbii ehtiyatlar baxımından cəlbedici ölkə deyil. Bu çatışmazlıqlar tarix boyu düşmən ölkəni həm regional, həm də qlobal güclərin oyuncağına çevirib. İndiki zamanda da İranın bu səyləri “ermənidən artıq erməni olmaq” tamaşasına çox bənzəyir. İranın XİN rəhbərinin 3 gün İrəvanda baş naziri gözləməsi faktı onu deməyə əsas verir ki, Ermənistan özü bu proseslərdə qərarverici ölkə deyil. Artıq uzun müddətdir ki, Ermənistan özünün daxili siyasi proseslərini özü müəyyən etmir. Qafanda İran konsulluğunun olması Ermənistanı beynəlxalq səviyyədə sığortalamayacaq. İranın siyasi hakimiyyəti və radikal dini dairələri başa düşməlidirlər ki, Zəngəzur dəhlizinin açılması bölgə ölkələri ilə yanaşı, region dövlətlərinin də marağındadır. Bu halda Azərbaycana təhdidlər ünvanlamaq, sadəcə, gülüş doğurur. Ermənistan və İran istəməsə də, Azərbaycan qalib ölkə olaraq qarşıya qoyduğu məqsədlərə çatacaq.

Politoloq əlavə edib ki, Zəngəzur dəhlizinin açılması və ümumiyyətlə, Azərbaycanın bölgədə artan gücü bütün beynəlxalq platformalarda dəstəklənir. Azərbaycan Avropa və Orta Asiya arasında enerji təminatı, iqtisadi əməkdaşlıq və yeni regional əməkdaşlıq platformaları üzərində yerləşən vacib məntəqədir. Bölgədəki bütün siyasi və iqtisadi, eləcə də nəqliyyat-kommunikasiya imkanlarından istifadə hüququnu itirən Ermənistan, sadəcə, texniki məsələlərdə söz demək hüququna malikdir ki, çox tezliklə bunu da itirəcək. Belə olan halda, məğlub Ermənistan öz ardınca İranı da bir sıra siyasi və iqtisadi bəlalara sürükləmiş olacaq. Bu isə İran üçün olduqca təhlükəli bir oyunun başlanması deməkdir. Ermənistan kimi dövlətin yanında olan İran sonda yenə də Azərbaycanla əməkdaşlığa möhtac qalacaq.

AZƏRTAC

Oxşar xəbərlər