"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, sərhəddəki məhdudiyyətlərlə əlaqədar Ermənistanın Bavra, Baqrataşen və Qoqavan kəndləri yaxınlığında dövlətlərarası yollar tamamilə tıxanıb. Ermənistana məxsus yük maşınlarının sürücüləri hökumətdən Rusiyada qalma müddətinə dair məhdudiyyətləri həll etməyi tələb edir.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-dən Rusiyada ölkə vətəndaşlarının vizasız qalma müddətinə yeni qaydalar tətbiq olunub. Hazırda minlərlə avtomobil Gürcüstanla sərhəddə ilişib qalıb, keçid məntəqələrində nəqliyyatın hərəkəti tamamilə dayanıb. Sürücülər bununla bağlı ciddi narazılıq bildirir. Etiraz oktyabrın 20-də başlayıb, hazırda vəziyyət sərhəddə kritikdir və bu, gündəlik daşımalara ciddi təsir edir. Baş verənlərlə bağlı həm Ermənistan, həm də Gürcüstan rəhbərliyi məlumatlandırılıb. Bununla belə, sərhəddəki gərginliyin aradan qaldırılması istiqamətində atılacaq addımlarla bağlı hər hansı rəsmi məlumat verilməyib.
Bu arada Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə keçirilən V İpək Yolu Forumunda çıxışında Cənubi Qafqaz ölkələri arasında kommunikasiya əlaqələrinin inkişaf perspektivlərindən danışıb. Azərbaycan və Ermənistanı Gürcüstanın strateji tərəfdaşları adlandıran Kobaxidze deyib ki, rəsmi Tbilisi region ölkələri ilə qarşılıqlı əlaqələri mümkün qədər gücləndirməyə çalışır: "Gürcüstan qonşu ölkələr üçün etibarlı tərəfdaşdır. Sülh regionda iqtisadi inkişaf və tərəqqinin açarıdır. Gürcüstanın siyasəti regionda sülhə, əməkdaşlığa və tərəfdaşlığa yönəlib Orta Dəhliz layihəsi bütün iştirakçı ölkələr üçün böyük əhəmiyyət kəsb edir".
Elxan SALAHOV