"Vətən səsi" xəbər verir ki, vaxtilə ATƏT-in Minsk qrupunun sabiq həmsədri olmuş Brayza “Exo Kavkaza” radiosuna müsahibəsində ABŞ prezidentinin Azərbaycanla bağlı mümkün planlarındından da danışıb. O, qeyd edib ki, ABŞ-ın yeni lideri Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə olunmasına kömək etmək üçün böyük imkanlara malikdir: “Donald Tramp sövdələşmələr istəyir. Cənubi Qafqazda bir mümkün sövdələşmə var və bu da Azərbaycan və Ermənistan arasında sülh sazişidir. Tramp məsləhətçilərinə qulaq asarsa, bu, onun üçün cəlbedici layihə ola bilər”.
Hazırda Ceymstaun Fondunun İdarə Heyətinin üzvü olan sabiq səfir ABŞ prezidentinin Cənubi Qafqaza nə dərəcədə diqqət ayıra biləcəyinə dair suala dəqiq cavab verməyib. Brayzanın fikrincə, bu, daha çox Trampın məsləhətçilərindən asılı olan məsələdir: "Prezidentin bəzi məsləhətçilərini tanıyıram, Cənubi Qafqaz regionunu əlbəttə ki, çox yaxşı tanıyır. Digər tərəfi isə məsləhətçilərinin onu bölgəyə diqqət verməyə inandırmasıdır. Hesab edirəm ki, bu mümkündür”.
Metyu Brayza vurğulayıb ki, indiki vəziyyətdə həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişini imzalamağa çox yaxındırlar. Ekspertin sözlərinə görə, hər iki tərəf razılaşamaya nail olmağı çox ciddi şəkildə istəyirlər və buna hazırdırlar.
Elxan SALAHOV