"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzetində geniş məqalə yayımlanıb. Məqalədə içərisində Nikol Paşinyanın da olduğu hökumət təyyarəsinin ilk dəfə olaraq Azərbaycan hava məkanından keçdiyi xüsusi vurğulanır. Qeyd olunur ki, Baş nazir Çin Xalq Respublikasına səfərini başa vurub geri qayıtdıqdan sonra onun sözçüsü Nazeli Baqdasaryan Paşinyanın təyyarəsinin avqustun 30-da Azərbaycanın hava məkanından xarici səfərə çıxdığını və və eyni xətlə İrəvana döndüyünü təsdiqləyib: "Baqdasaryanın sözlərinə görə, artıq iki ölkə arasında sülhün bərqərar olması istiqamətində mühüm addımlar atılıb və ilkin sənədlər də imzalanıb. Belə bir şəraitdə Ermənistan Baş nazirinin Azərbaycanın hava məkanından istifadə etməsinə razılığın verilməsi normal haldır. Bəli, Ermənistan hökuməti Baş nazirin təyyarəsi üçün Azərbaycandan hava keçidi istəyib və müsbət cavab alıb".
“Hraparak” qəzeti Baqdasaryana istinadən yazır ki, Azərbaycan təyyarələri də uzun müddətdir Ermənistan üzərindən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında uçuşlar həyata keçirir. Nəşr Nikol Paşinyana verilən icazəni “Azərbaycanın Ermənistan Baş nazirinə jesti” adlandırıb.
Paşinyanın keçmiş aviasiya müşaviri Akop Çaqaryan qəzetə deyib ki, beynəlxalq qaydalar tərəflərə eniş və uçuş üçün bir-birinin ərazilərindən istifadə etməyə icazə verir: “Orada heç bir məhdudiyyət yoxdur. Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan bütün dövlətlər bir-birlərinin hava məkanından müəyyən qaydalara riayət etməklə sərbəst şəkildə istifadə edə bilərlər”.
Elxan SALAHOV