Hazırlamış süjetdə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Hüseyn Hüseynovdan götürülmüş müsahibədə Azərbaycan səfiri cari Azərbaycan-Bolqarıstan münasibətləri, ikitərəfli əlaqələrin geniş potensialı və perspektivləri, xalqımızın zəngin mədəniyyəti, ölkəmizdəki multikulturalizm ənənələri, habelə regional təhlükəsizlik və Ermənistan-Azərbaycan normallaşma prosesi haqqında danışıb.
Azərbaycan-Bolqarıstan əlaqələrinin dostluq və strateji tərəfdaşlıq üzərində qurulduğu, dinamik şəkildə inkişaf etdiyi və çox şaxəli əməkdaşlıq istiqamətləri əhatə etdiyi qeyd edilmişdir. Azərbaycanın etibarlı tərəfdaş kimi çətin gündə Bolqarıstana verdiyi dəstək xatırladılaraq, yerləşdiyi bölgədə qaz və nəqliyyat qovşağına çevrilməklə bağlı Bolqarıstanın səylərinin hazırda da Azərbaycan tərəfindən dəstəkləndiyi bildirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu ilin aprel ayında Sofiya şəhərində imzalanmış “Həmrəylik Halqası” (STRING) layihəsinin Bolqarıstanı Azərbaycan qazının nəqlində tranzit ölkəyə çevirəcəyi üçün geniş imkanlar yaratdığı diqqətə çatdırılmışdır. Eyni zamanda nəqliyyat, sənaye, informasiya və kommunikasiya texnologiyaları, turizm və kənd təsərrüfatı sahələrində də əlaqələrin inkişafı üçün geniş imkanların olduğu qeyd edilib.
Müxbirin regional vəziyyətlə bağlı suallarına cavab olaraq Ermənistan-Azərbaycan münaqişəsinin öz həllini tapdığı, Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin bölgədə davamlı sülh və sabitlik üçün tarixi imkanlar yaratdığı diqqətə çatdırılıb. Hazırda iki ölkə arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması üzrə aparılan səylər haqqında məlumat verilib. Azərbaycana qarşı beynəlxalq səviyyədə aparılan qarayaxma kampaniyası çərçivəsində Bolqarıstan mətbuatında da yayılmasına zaman-zaman cəhdlər edilən ermənilərin Azərbaycandan zor gücü ilə qovulduqlarına və etnik təmizləməyə məruz qoyulduqlarına dair iddiaların əsassız olduğu qeyd edilib. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin yaşayış yerlərini könüllü surətdə tərk edərək Ermənistana getdikləri, onlara qarşı hər hansı şəkildə zor tətbiq edilmədiyi vurğulanmış və bunun BMT-nin missiyası tərəfindən də təsdiq edildiyi əlavə edilib. Multikultural cəmiyyətə malik ölkəmizin öz erməni sakinlərini geri qayıtmağa və Azərbaycan vətəndaşlığını qəbul etməyə dəvət etdiyi bildirilməklə, bu işi asanlaşdırmaq üçün xüsusi elektron portalın hazırlanaraq istifadəyə verilməsindən bəhs edilib.
Müsahibə çərçivəsində həmçinin Azərbaycanın zəngin mədəniyyəti, dini və etnik müxtəlifliyi, həmçinin çoxəsrlik multikulturalizm ənənələrindən danışılıb. Reportajda Azərbaycanın milli mətbəx nümunələri, o cümlədən dolma, plov, habelə paxlava, şəkərbura və mürəbbələr kimi şirniyyat növləri təqdim edilmiş, Azərbaycan milli rəqsləri və Bakı şəhərindən bayram görüntüləri yer alıb. (Trend)