10.09.2025, 03:40
AZ EN
09.09.2025, 15:57 209

Şahmar Hacıyev: İşğaldan azad olunmuş ərazilər bərpa olunan enerji baxımından böyük imkanlara malikdir

XƏBƏRLƏR
  • Bərpa olunan enerjinin inkişafı bu gün Azərbaycan üçün ən prioritet istiqamətlərdən biridir. Yaşıl iqtisadiyyatın qurulması yolunda ötən il Bakıda keçirilən COP29 isə ölkəmizə güclü təkan verib. Biz yaxşı bilirik ki, bərpa olunan enerji resurslarının səmərəli istifadəsi yalnız iqtisadi tərəqqi üçün deyil, həm də ekoloji dayanıqlılıq baxımından mühüm əhəmiyyət daşıyır.

Bu sözləri “İnkişaf və təhlükəsizliyin rezonansı: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının “Yaşıl və rəqəmsal transformasiya şəraitində təchizat zənciri üzrə əməkdaşlıq” mövzulu iclasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Şahmar Hacıyev deyib.

O qeyd edib ki, “Azərbaycan 2030: Sosial-iqtisadi inkişaf üzrə milli prioritetlər” sənədində ölkənin davamlı inkişafını təmin edəcək beş əsas istiqamət müəyyən edilib. Bunlara rəqabətədavamlı və sabit artan iqtisadiyyat, sosial ədalətə əsaslanan inklüziv cəmiyyət, müasir innovasiyalar və rəqabətqabiliyyətli insan kapitalı, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və nəhayət, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi konsepsiyası daxildir:

“Milli prioritetlər çərçivəsində yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması, həmçinin “yaşıl enerji zonası”nın yaradılması əsas hədəflərdəndir. Azərbaycan BMT-nin Paris İqlim Sazişinə uyğun olaraq 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. 2030-cu ilə qədər isə ümumi enerji istehsalında bərpa olunan enerji mənbələrinin payının 35 faizə çatdırılması planlaşdırılır. Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərimiz bu sahədə böyük imkanlara malikdir. Aparılan araşdırmalara görə, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında günəş enerjisi potensialı 7200 MVt, Kəlbəcər və Laçın rayonlarında külək enerjisi potensialı 2000 MVt, hidroenerji potensialı isə 510 MVt olduğu müəyyən edilib. Ümumilikdə isə Azərbaycanın bərpa olunan enerji potensialı 23 min MVt-dan çox günəş, 3 min MVt külək, 380 MVt bioenerji və 520 MVt kiçik su elektrik stansiyalarından ibarətdir”.

Şöbə müdiri bütün bu imkanların reallaşdırılması ölkəmizin enerji təhlükəsizliyinə, ixrac potensialının genişlənməsinə və eyni zamanda “yaşıl enerji zonası” konsepsiyasının gerçəkləşməsinə mühüm töhfə verəcəyini qeyd edib: “Azərbaycan artıq özünü regionda yaşıl enerji mərkəzi kimi təqdim edir və qarşıya qoyulan hədəflərə çatmaq üçün bütün resurslarını səfərbər edib. Əminəm ki, bu strateji xətt yalnız ölkəmizə deyil, bütövlükdə regiona sabitlik və dayanıqlı inkişaf gətirəcək”. (AZƏRTAC)

Oxşar xəbərlər