01.12.2024, 21:01
AZ EN
06.11.2024, 09:23 282

Azərbaycan Ermənistanla sərhədləri müəyyənləşdirməyə çox yaxındır

XƏBƏRLƏR
  • "Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə komissiyaların reqlamentinin mövcudluğu sülh istiqamətində ilk qüvvəyə minmiş sənəddir. Erməni tərəfinin bunu özü üçün qələbə kimi qiymətləndirməsi şişirdilmiş yanaşma olsa da, əhəmiyyəti böyükdür".

"Vətən səsi" xəbər verir ki,  bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib. O qeyd edib ki, reqlament sənədinin təsdiqlənməsi və razılaşmaların bunun əsasında aparılması məhz ikitərəfli danışıqlar nəticəsində əldə edilib: "Burada heç bir vasitəçi və tərəfləri hansısa istiqamətə yönəldən üçüncü qüvvə iştirak etməyib. Reqlament qəbul edildikdən sonra Azərbaycanla Ermənistan arasında 1000 kilometrdən artıq sərhəd xəttinin dəqiqləşməsi ilə bağlı danışıqların da xarakteri müəyyənləşib. Sərhədlərin həlli məsələsi fərqli yanaşmalara əsaslanır, həm xəritədə, həm də torpaq üzərində razılaşdırılmış ərazilərə aid protokollar qəbul edilir və imzalanır, daha sonra eyni proses digər hissələrdə davam edir".

Sərhədlərin müəyyənləşdirilməsi zamanı ortaya çıxan çətinliklərin həlli məsələsinə gəlincə, Rasim Musabəyov deyib ki, belə hallarda əlavə xəritələrdən, hətta lazım gəldikdə ərazi mübadiləsi və digər vasitələrdən istifadə oluna bilər. Onun sözlərinə görə, Azərbaycan Gürcüstan və Rusiya ilə dövlət sərhədlərini müəyyənləşdirərkən bu sahədə xeyili təcrübə toplayıb: "Sərhəd xəttini dəqiqləşdirmək mümkün olmadıqda digər vasitələrlə proses yekunlaşdırmaq mümkündür. Azərbaycan qonşu Rusiya və Gürcüstanla sərhəd xəttini əlavə xəritələr və ərazi mübadiləsi qaydaları ilə razılaşdırılıb. Hazırda Azərbaycanla Gürcüstan arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı məsələlərin 80 faizi həll edilib. Hətta Ermənistanın özünün də Gürcüstanla sərhədinin 70 faizə qədəri bu qaydalarla müəyyən edilib. Ona görə də sərhədlərin delimitasiyası prosesində Azərbaycanla Ermənistan arasında həll yolu tapılmayan mübahisələr demək olar ki, yoxdur".

Politoloq onu da bildirib ki, sərhədlərin müəyyən edilməsi ilə bağlı razılaşmalar birgə komissiyalar tərəfindən protokollaşdırıldıqdan sonra eksklav kəndlərin də məsələsinə baxılacaq və indiki mərhələdə çətinli yaradan belə hallar da öz həllini tapacaq: "Hazırda Azərbaycanın Ermənistan ərazisində 4 eksklav kəndi qalıb - 3-ü Qazax rayonuna, 1-i Naxçıvana aiddir. Ermənistanın isə Azərbaycan ərazisində bir anklavı var - Başkənd. Prezident İlham Əliyev eksklavlarla bağlı məsələdən danışarkən "kimə nə məxsusdur özünə qaytarılacaq" tezisini irəli sürüb. Amma eksklavların qaytarılması fonunda bu ərazilərə gediş-gəliş üçün ekstreterial yol verilməsi başlıca şərtdir. Bu halda digər dövlətdən ərazi istənilir. Azərbaycanın Ermənistan ərazisində 4 eksklavının olması fonunda dörd yol istənilməlidir".

Elxan SALAHOV

Oxşar xəbərlər