Bunu ABŞ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) icraçı direktoru Kenneth Angell deyib.
O qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı bir sıra geosiyasi amillər var:
"Bir tərəfdə Rusiya, digər tərəfdə İran bu dəhlizin açılmasını istəmirlər. Digər tərəfdə isə Türkiyə var ki, açılmasını dəstəkləyir. Mən düşünürəm ki, Ermənistan da bunu görmək istərdi, çünki onlar marşrutdan keçən yüklərə görə rüsum toplamaq imkanını bir üstünlük kimi görürlər. Hesab edirəm ki, bu proses müəyyən təhlükəsizlik zəmanətlərini, həmçinin diplomatiyanı tələb edəcək. Amma bu, iqtisadi inkişafdan fərqli bir məsələdir".
Kenneth Angell əlavə edib ki, hazırda Tramp Marşrutunun hələ erkən mərhələsindədirlər:
"Amma yol açılıb fəaliyyətə başladıqdan sonra ABŞ şirkətləri layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar. Hansı şirkətin ən yaxşı təkliflə çıxış etməsi isə o zaman məlum olacaq".
Qazaxıstanda Amerika Ticarət Palatasının icraçı direktoru Ceff Erlich isə bu məsələ ilə bağlı vurğulayıb ki, Amerika şirkətləri dünyanın aparıcı şirkətləridir:
"Amerika texnologiyasına, kapitalına, bacarıqlarına və məhsullarına böyük tələbat var. Ümid edirəm ki, bu sahədə də müəyyən imkanlar olacaq". (Report)