"Vətən səsi" xəbər verir ki, bunu Ermənistan hökumətinin Türkiyə üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan bildirib. Onun dediyinə görə, rəsmi Ankara və İrəvan Ermənistanda belə bir görüşün gündəliyini razılaşdırıb. Gündəliyə Ermənistan-Türkiyə münasibətləri, görülən tədbirlər və gələcəkdə atılması lazım olan addımlar daxildir: "Anidəki tarixi körpünün və Gümrü-Qars dəmir yolunun bərpası istiqamətində mühüm addımların atılması üçün real imkanlar var. Ümumilikdə Türkiyə hökumətinin nümayəndə heyəti ilə iki ölkə arasında münasibətlərin normallaşması, sərhədlərin açılmasından sönrakı mərhələdə qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunacaq".
Ruben Rubinyan deyib ki, görüşün konkret olaraq hansı tarixdə keçiriləcəyi hələ dəqiqləşməyib. Amma nümayəndə heyətinin say tərkibi və gündəliyin texniki tərəfləri müəyyən edilib. Ermənistana səfər edəcək Türkiyə nümayəndə heyətinə Ankaranın Ermənistan üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçın rəhbərlik edəcəyi gözlənilir.
Elxan SALAHOV