20.09.2024, 14:00
AZ EN
27.01.2023, 07:00 231

Azərbaycanlı deputat: Ermənistanın əsassız cəhdi onu daha dərin böhrana sürükləyir

XƏBƏRLƏR
  • “Yalan ayaq tutar, yeriməz”, ancaq bəzən yalan nəinki yeriyir, hətta yüyürə də bilir. Əbədi qanunauyğunluqdur ki, hər yalanın sonunda mütləq iflas var. Ermənistanın təbliğat maşını Laçın koridoru bağlı olduğunu deyir. Humanitar böhranın meydana çıxmasından, blokadadan danışılır. Bunlar həqiqətəuyğun məlumatlar deyil, açıq-aşkar dünya ictimaiyyətini aldatmaq cəhdidir.

Bu fikirləri AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun qış sessiyası çərçivəsində keçirilmiş “Laçın dəhlizinin blokadasının humanitar nəticələrinin aradan qaldırılması” adlı debatlar zamanı çıxışında deyib. Bildirib ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti Davosda keçirilən Beynəlxalq İqtisadi Forumda rəsmən bildirdi ki, Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olur. Yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia edir. Halbuki həmin yol mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıqdır, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkəti təmin edilir.

“Laçın dəhlizində hər gün gediş-gəliş var. Ona görə də guya dəhlizin bağlı olması ilə əlaqədar Ermənistanın saxta sözlərinə əsaslanaraq bilməzlikdən və ya bəzi məkrli məqsədlərlə Azərbaycana qarşı ittihamlar irəli sürmək qəbuledilməzdir. Biz bütün bunları qətiyyətlə rədd edirik. Yəqin Ermənistan düşünür ki, Laçın dəhlizində heç bir nəzarət olmasın, istənilən kriminal elementlər də buradan maneəsiz keçə bilsin. Dünyanın heç bir ölkəsi, əlbəttə ki, heç kəsə öz sərhədini nəzarətsiz keçməyə icazə verməz. Bu presedenti olmayan mümkünsüz bir haldır”, - deyə R.Hüseynov vurğulayıb.

Qeyd edib ki, 30 ildir Ermənistan Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanı tam blokada vəziyyətində saxlayır. Azərbaycan dəfələrlə Ermənistanın Zəngəzur dəhlizinin açması məsələsini qaldırıb. Lakin Ermənistan bunu etmir. Bu ölkə özü Azərbaycanın bir bölgəsini blokadada saxlayır, Zəngəzur dəhlizini açmır. Azərbaycandan isə onsuz da açıq olan Laçın dəhlizini açıq kriminal dəhlizə çevirməyi tələb edir. Siyasi istehza doğuran, belə mövqe sərgiləyən Ermənistan və gözüyumulu onun müdafiəsinə qalxanlar niyə reallığa ayıq başla nəzər salmaq istəmirlər?!

Sessiyamız ərəfəsində yanvarın 18-də Davos Forumundakı panel iclasında Prezident İlham Əliyev birmənalı şəkildə bəyan edib ki, Ermənistan Azərbaycanın təklif etdiyi, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişini imzalamaq çağırışına cavab vermir. Ermənistan Azərbaycan və Gürcüstanla üçtərəfli əməkdaşlığa dair təklifi də qəbul etmək istəmir. Ermənistanın məhz belə mövqe tutduğunu elə həmin forumda Gürcüstanın Baş naziri də təsdiq edib. Azərbaycan 3 Qafqaz ölkəsinin enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səyləri birləşdirməyə dəvət edir. Gürcüstan buna məmnuniyyətlə razılıq verir. Ermənistan isə “yox” deyir. Belə qeyri-konstruktiv tərəflə hansı dildə, hansı üslubda danışmaq lazımdır? Siyasətdə və real həyatda özü bütün dəhlizləri ən sərt şəkildə qapadan Ermənistanın belə əsassız cəhdi onu daha dərin böhrana sürükləyir, dalana aparır. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR