"Vətən səsi" xəbər verir ki, bunu erməni hərbi ekspert, ehtiyatda olan polkovnik Ayk Naapetyan “Sputnik Ermənistan”a bildirib. O, hakim Mülki Müqavilə Partiyasından olan deputat Ayk Sərkisyanın hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması barədə təklifini şərh edərkən deyib ki, indi Ermənistanda hərbi xidmət hakimiyyətin zərərli siyasəti nəticəsində xeyli çətinləşib. Onun sözlərinə görə, Ermənistanda hərbi xidmətə çağırış yaşının artırılması təkcə kadr çatışmazlığı deyil, həm də bütövlükdə orduda vəziyyətin ağırlaşmasından xəbər verir.
“Hakimiyyət Ermənistanın silahlı qüvvələrini ləğv etmək vəzifəsini qarşısına məqsəd qoyub, amma bunu gizli şəkildə, yavaş-yavaş yerinə yetirəcək. Bəs ləğv etmək üçün nə lazımdır? Faktiki olaraq müharibə vəziyyətində olan ölkədə sosial bərabərsizlik və sosial ayrı-seçkilik daha da şiddətlənməlidir. Varlıların övladları ordudan xilas ola bilər, amma kasıbların övladları xidmət etməlidir. Ermənistan hakimiyyəti sözün əsl mənasında fəhlə-kəndli ordusu yaradır”, - deyə Ayk Naapetyan əlavə edib.
Erməni ekspert orduda kadr çatışmazlığının səbəblərindən danışarkən hələ 2023-cü ildə qəbul edilmiş qanunu xatırladıb. Həmin qanuna görə, ordudan yayınan vətəndaşlar 27 yaşdan sonra Ermənistana qayıda bilər və 12 ay xidmət edib, 2,5 milyon dram (6,2 min dollar) ödəyərsə, təqibdən azad ola bilərlər. Digər variantlar 6 ay xidmət, 5 milyon dram (12,4 min dollar), 1 ay xidmət, 10 milyon dram (24,8 min dollar) və ya xidmət etmədən 15 milyon dram ödəməkdir.
Ayk Naapetyan hesab edir ki, hökumət ordudakı kadr çatışmazlığını ən müxtəlif üsullarla gizlətməyə çalışsa da, bu, nəticəyə müsbət təsir göstərmir, əksinə vəziyyət daha da pisləşəcək: "Çünki orduda çağırışçı çatışmazlığı göz qabağındadır və bu səbəbdən çağırış yaşının artırılmasını təklif edirlər. Deməli, orduda kadr çatışmazlığının olduğunu hökumət özü də dolayısı ilə cəmiyyətə çatdırır".
Elxan SALAHOV