"Vətən səsi" xəbər verir ki, Nikol Paşinyan dünənki açıqlamasında diqqəti 10 noyabrt 2020-ci il tarixli öhdəliklərdən və əsas məqsəddən yayındırmağa çalışıb. O, bildirib ki, yük maşınları Gorusun Gerenzur kəndindəki keçid məntəqəsi vasitəsilə Ermənistan ərazisinə daxil ola, Ermənistan-Türkiyə sərhədinə qədər bu yollarla hərəkət edərək Marqara keçid məntəqəsindən Türkiyəyə adlaya bilər: “Eyni şey əks istiqamətdə də baş verə bilər. Bu cür tranzit yüklərin daşınması üçün tələb olunan fiziki infrastruktur hazırdır, de-yure qərar qəbul etmək qalır. Həmin yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik, lakin azərbaycanlı sürücülər və yük maşınları üçün psixoloji çətinliklər yaranarsa, o zaman bu yükdaşımaları Ermənistan yollarından həmişə istifadə edən Türkiyə TIR-ları tərəfindən təşkil oluna bilər”.
Politoloq Asif Nərimanlı mövzunu şərh edərkən bildirib ki, Paşinyanın həmin açıqlaması Ermənistanın kommunikasiyaların açılması prinsipinə yanaşmasına bərabərdir. Onun sözlərinə görə, 2020-ci ildə üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan və Türkiyənin irəli sürdüyü fikir ondan ibarətdir ki, regional kommunikasiya kompakt şəkildə açılmalıdır: "Bu, Zəngəzur dəhlizi ilə bağlıdır. Bir vaxtlar Rusiya tərəfindən irəli sürülürdü ki, Qazax-İcevan yolu istifadəyə verilsin. Yəni Şimal istiqamətində yollar açılsın. Amma Azərbaycan Zəngəzur dəhlizi də daxil olmaqla bütün istiqamətlərdə kommunikasiyanın açılmasının vacib olduğunu bildirib. Ermənistan isə bunu qəbul etmir. Regional kommunikasiyanın öz nəzarətləri altında baş tutmasını istəyir. Nikol Paşinyan da təklif irəli sürərək bildirir ki, Azərbaycan yükləri Ermənistan ərazisindən keçərək Türkiyəyə, Naxçıvana daşına bilər".
Politoloq hesab edir ki, bu məsələdə maraqlı məqamlardan biri Paşinyanın Şimal istiqamətində yükdaşımaları indi niyə qabartmasıdır: "Bunun kökündə regional kommunikasiyaların Ermənistan maraqlarına uyğun açılması dayanır. Yəni Ermənistan kommunikasiyaların açılması üçün dəhliz deyil, yol verilir”.
Asif Nərimanlının fikrincə, Marqara keçid məntəqəsinin irəli sürülməsi təsadüfi deyil. Ekspert bildirib ki, Ermənistanın kommunikasiyaların açılmasında əsas prioriteti Türkiyə ilə yolların açılmasıdır: "Təbii ki, öz maraqlarına uyğun Cənubi Qafqazda kommunikasiyaların açılmasını istəyirlər. Amma əsas diqqət Türkiyədədir. Türkiyə TIR-ları ilə yükdaşınması məsələsi isə Azərbaycanın təhlükəsizliyin təmini ilə əlaqədar irəli sürəcəyi fikirləri qabaqlamaq məqsədi daşıyır”.
Elxan SALAHOV