22.02.2025, 17:51
AZ EN
21.02.2025, 20:20 120

Ana dili hər bir xalqın öz kimliyini gələcək nəsillərə ötürməsində ən vacib amillərdən biridir

XƏBƏRLƏR
  • Ana dili hər bir xalqın öz kimliyini qoruyub saxlamasında, mədəniyyətini yaşatmasında və gələcək nəsillərə ötürməsində ən vacib amillərdən biridir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O bildirib ki, Azərbaycan dilinin respublikada dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı istər sovet dönəmində, istərsə də müstəqillik dövründə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: "Ulu Öndər milli kimliyin və mədəniyyətin əsas amillərindən birinin dil olduğunu həmişə vurğulayırdı və ana dilinin qorunmasının xalqın müstəqilliyini və mənəvi zənginliyini təmin etdiyini bildirirdi. 1969-cu ildən başlayaraq Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində görülən işlər öz nəticəsini verməyə başladı".

Deputat 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycanın dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdığını xatırladıb:

“Daha sonra Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis edildi. Bu, Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yeni imkanlar açdı. Həmçinin imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncam da milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdən biri oldu. 2003-cü il yanvarın 2-də isə Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunu qüvvəyə mindi. Bu qanunda göstərilir ki, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun təbliği, qorunması və inkişaf etdirilməsinin qayğısına qalır”.

S.Salmanova əlavə edib ki, Ulu Öndərin ana dilinin qorunması üzrə siyasi xəttinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev tərəfindən də bu istiqamətdə bir sıra fərman və sərəncamlar imzalanıb:

“Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan liderinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət başçımızın 2018-ci il 17 iyul tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir”.

Qeyd edək ki, 21 Fevral - Beynəlxalq Ana Dili Günü UNESCO-nun 1999-cu il noyabrın 17-də keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib. 2000-ci il fevralın 21-dən etibarən həmin gün dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq məqsədi ilə qlobal miqyasda qeyd olunur. (Report)

Oxşar xəbərlər