15.05.2025, 23:15
AZ EN
20.02.2025, 17:48 155

İrəvan Bakının şərtləri qarşısında geri çəkilir

XƏBƏRLƏR
  • Ermənistan sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycan hökumətinin irəli sürdüyü daha bir şərti yerinə yetirməyə hazırlaşır. İrəvan Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı bəndləri yeni Təhlükəsizlik Strategiyasına daxil etməyəcək.

"Vətən səsi" xəbər verir ki, bunu “Ana Ermənistan” müxalifət hərəkatının rəhbəri Andranik Tevanyan açıqlayıb. O, qeyd edib ki, Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyasında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan və keçmişdə "Dağlıq Qarabağ" adlandırılan Qarabağ bölgəsi ilə bağlı bəndlər olmayacaq. Müxalif siyasətçinin sözlərinə görə, yeni Milli Təhlükəsizlik Strategiyasında həmçinin Rusiya-Ermənistan münasibətlərinə yanaşma da yenidən nəzərdən keçirilə bilər: "Təhlükəsizlik strategiyasında Ermənistanın Qarabağın təhlükəsizliyinin təminatçısı olması ilə bağlı bənd var. Hələlik biz hansı dəyişikliklərin ediləcəyini təxmin edə bilərik, lakin indiki Ermənistan hakimiyyətinin 2022-ci il oktyabrın 6-da Qarabağdan imtina etdiyini və onu Azərbaycanın bir hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, bununla Ermənistan hakimiyyəti Türkiyə və Azərbaycanın Ermənistan üçün qoyduğu şərtləri yerinə yetirir".

Andranik Tevanyan onu da qeyd edib ki, Rusiya ilə münasibətlərə yenidən baxılması həm də Aİİ ilə münasibətlərin kəsilməsini nəzərdə tutur. Onun fikrincə, bu, Ermənistan iqtisadiyyatına, sosial problemlərə, qazın qiymətinə və bütün əlaqələrə zərbə vuracaq: "Amma Ermənistan hökuməti bu barədə danışmır, susurlar. Düzünü demək istəyirlərsə, Ermənistan öz vektorunu dəyişib başqa yolla gedəndə nə baş verəcəyini Ermənistan cəmiyyətinə izah etməlidirlər. Baş nazir Nikol Paşinyan üçün xarici siyasət vektorunun dəyişməsi dəyərlər sistemi seçimi və ya demokratik prinsiplərə istiqamətlənmə deyil, sadəcə olaraq xarici qüvvələrin sifarişidir. Bununla belə, başa düşmək lazımdır ki, Qərb vektoru haqqında söhbətlər əbəsdir və ətalətlə aparılır, çünki ABŞ-də hakimiyyət dəyişib və Amerikanın yeni administrasiyası əvvəllər prezident Baydenin dövründə mövcud olan siyasəti davam etdirmək niyyətində deyil".

Politoloq Elxan Şahinoğlu isə Andranik Tevanyanın dediklərini şərh edərkən bildirib ki, Ermənistan müxalifətinin baş nazir Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu vacibliyi barədə dünənki açıqlamasına cavab verməyə taqəti qalmayıb: "Müxalifət “Konstitusiyaya dəymə” tələbini irəli sürə bilmir, çünki bilir ki, onu eşidən olmayacaq. Bu səbəbdən Paşinyan müxalifətə boylanmadan Konstitusiyanı dəyişib Azərbaycanla sülhü yaxınlaşdıra bilər. Ancaq Paşinyan Konstitusiyanı dəyişdirmək məqsədilə referendumu gecikdirməməlidir".

Politoloq əlavə edib ki, rəsmi İrəvan konstitusiya dəyişiklikləri ilə bağlı qərarında bu dəfə israrlı görünür. Onun sözlərinə görə, artıq Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusyanın 2026-cı il parlament seçkilərinə qədər hazır ola biləcəyini deyib: "Nazir yeni mətn üzərində işlərə başlanıldığının anonsunu verib. Ancaq ədliyyə nazirinin sözlərinə görə, yeni Konstitusiya ilə bağlı referendum parlament seçkilərindən sonra keçirilməlidir. Paşinyan nə qədər ki, müxalifətdən güclüdür, referendumu keçirib, özünün də söylədiyi kimi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır".

Elxan SALAHOV

Oxşar xəbərlər