Bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Abdulkadir Emin Önen Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında çıxışı zamanı bildirib.
Abdulkadir Emin Önen qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının ədalətli və davamlı nəticə verməsi təkcə bu iki ölkə üçün deyil, bütün regionda sabitliyin və rifahın gücləndirilməsi baxımından önəmlidir. O, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və bundan sonra da dəstəyini davam etdirəcəyini vurğulayıb.
Türkiyə deputatı Asiyanın Qərbdən Şərqə və Cənubdan Şimala uzanan zəngin mədəni müxtəlifliyinə diqqət çəkərək bildirib ki, qitə bəşəriyyətin ən böyük və qədim yurdu olsa da, bəzi problemlər səbəbindən potensialını tam reallaşdıra bilmir.
Abdulkadir Emin Önen bildirib ki, Asiyanın mövcud zənginliyini firavanlığa çevirmək üçün birgə fəaliyyət zəruridir. Əməkdaşlıq və həmrəylik sayəsində daha yüksək inkişaf səviyyəsinə çatmaq mümkündür. Bu məqsədlə, çoxölçülü və təkmil əməkdaşlıq mexanizmlərinin qurulmasına ehtiyac var.
“İkitərəfli əlaqələrin gücləndirilməsi vacibdir, lakin çoxtərəfli əməkdaşlıq daha böyük əhəmiyyət daşıyır. Çoxtərəfli əməkdaşlığın gücləndirilməsi regionda uzunmüddətli sülh, sabitlik və inkişaf üçün vacibdir”, - deyə Türkiyə parlamentinin nümayəndəsi qeyd edib. (AZƏRTAC)