"Vətən səsi" xəbər verir ki, politoloq Asif Nərimanlının fikrincə, Cənubi Qafqaz Rusiya üçün təkcə cənub sərhədlərinin təhlükəsizliyi yox, həm də Avrasiyanın yeni nəqliyyat dəhlizlərində iştirakçılıq baxımından əhəmiyyətlidir. O, Tramp-Putin razılaşmasından sonrakı vəziyyəti təhlil edərək bildirib ki, 2020-ci ilə qədər Moskva bölgəni Qarabağ münaqişəsi fonunda nəzarətdə saxlayır, Tbilisidə zəifləyən mövqelərini Bakı-İrəvan xəttində kompensasiya edirdi. Hətta Qarabağ məsələsinin həlli prosesində Rusiya regionda həlledici oyunçu kimi qalmağa davam etsə də, 2022-ci ildən sonra vəziyyət dəyişib: "Ukraynada müharibəyə başlayan Rusiya bütün resurslarını bu istiqamətə yönəltdi. Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması da Moskvanın “separatçı kartı”nın aktuallığını saxlamaq imkanlarını əlindən aldı. Həmçinin Qarabağdan imtina edən Ermənistan Rusiya qarşısında mərkəzdənqaçma siyasətini genişləndirmək fürsəti əldə edib. 2023-cü ildə Azərbaycan Qarabağda suverenliyini tam bərpa etməklə bu səhifəni bağladı. Bakı-İrəvan xəttində danışıqların ikitərəfli formata keçməsi isə Rusiyanı itkilərini vasitəçilik üzərindən kompensasiya etmək imkanından da məhrum etdi".
Asif Nərimanlı hesab edir ki, Rusiya tarixində ilk dəfə Cənubi Qafqazda heç vaxt olmadığı qədər zəifləmiş vəziyyətlə üzləşib. Lakin onun fikrincə, Moskva bununla barışmayacaq və müxtəlif yollarla regionda nüfuzunu bərpa etməyə çalışacaq: "Ukrayna müharibəsinin başa çatması gözləntiləri Rusiyaya beynəlxalq təcriddən çıxmaq və başda Cənubi Qafqaz olmaqla, post-sovet məkanına daha çox diqqət ayırmaq perspektivi vəd edir. Lakin Rusiyanın bölgədə əvvəlki üstünlüyünü təmin edə biləcəyi sual doğurur. Bu, bir qədər çətin görünür".
Politoloq Rusiyanın bölgədə üstünlüyü bərpa etməsinin çətinliyini bir neçə səbəblə əlaqələndirir. Onun fikrincə, səbəblərdən birincisi odur ki, Moskvanın regionda əsas forpostu olmuş Ermənistanda siyasi və hərbi rıçaqları yetərincə zəifləyib. Hazırda 102-ci baza Ermənistanda mövcudluğunu davam etdirsə də, artıq Rusiyanın təhlükəsizlik çətirinə alternativlər var. İkincisi, Qarabağ münaqişəsi mövcud olmadığı üçün Moskvanın Bakıya strateji təzyiq aləti də qalmayıb. Eyni zamanda, Türkiyə faktorunun bölgədə güclənməsi Moskvanı Bakı ilə münasibətlərdə iki dəfə düşünməyə vadar edir. Nəhayət, Rusiya bölgənin ikinci böyük ölkəsi sayılan Gürcüstanda mövqelərini müəyyən qədər yaxşılaşdırsa da, Abxaziya və Cənubi Osetiya Moskva-Tbilisi xəttində strateji problem olaraq qalmaqdadır;
Ekspert bütün bunları nəzərə alaraq Rusiyanın Cənubi Qafqazda əvvəlki üstünlüyünü bərpa etmək imkanlarının məhdud olduğunu düşünür. Lakin onun fikrincə, Moskva iqtisadi əməkdaşlığı və regional güc balansını nəzərə alaraq vəziyyəti nöz xeyirinə dəyişə bilər: "Ermənistan siyasi və hərbi alternativlər tapsa da, iqtisadi müstəvidə hələ də Rusiyadan böyük asılılıqdadır. Bu, Moskvaya İrəvanı orbitində saxlamaq imkanı verir. Azərbaycanla nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi Rusiyaya həm Cənubi Qafqazda mövqelərini saxlamaq, həm də bu region üzərindən Avrasiyanın müxtəlif bazarlarına çıxmaq imkanı yarada bilər. Gürcüstanla bağların saxlanılması və rəsmi Tbilisinin Moskvanın mövqelərini nəzərə almağa sövq etməyin yolu da iqtisadi əməkdaşlıqdan keçir. Cənubi Qafqaza 2020-ci ildən sonrakı balansın qaytarılması: 44 günlük müharibədən sonra Rusiya bölgədə Türkiyənin mövcudluğunu qəbul etdi və bu, Moskvaya Qərbin müdaxiləsini bloklamaq imkanı yaratdı. Daha sonra Ukrayna müharibəsi və Qərbin Bakı-İrəvan danışıqlarında iştirakla regiona qayıtması balansı dəyişdirdi. Rusiyanın regionda mövqelərini bərpa etməsi Türkiyə ilə mövcud olmuş balansı qaytarmaq və Bakı-Ankara tandemi ilə işləməkdən keçir. Bu, həm Ermənistanda, həm də Gürcüstanda da Mosvanın mövqelərini yaxşılaşdıracaq seçimdir. Rusiyanın aqressiv siyasət-təhdidlərlə nəticə əldə etmək çətin görünür".
Elxan SALAHOV