01.03.2025, 11:25
AZ EN
31.01.2025, 17:45 160

Ermənilərin Başkənd arzusu...

XƏBƏRLƏR
  • “Biz anklav kəndlər mövzusunun üstündən adlayıb keçə bilmərik. Bu məsələ indi də aktualdır və gündəmdədir”.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, Azərbaycanla dövlət sərhədlərinin müəyyən edilməsi prosesi hələ başa çatmadığından anklav kəndlərlə bağlı məsələ ictimai rəydə müxtəlif formalarda izah edilir: “Tez-tez məlumatlar yayılır ki, Ermənistan sərhəd kəndlərini heç bir güzəşt və ya üstünlük əldə etmədən Azərbaycana qaytarır. Əslində isə belə deyil, reallıqlar və mövcud vəziyyət tamamilə fərqlidir. Desəm ki, anklav kəndlər məsələsi gündəlikdə yoxdur, bu, yalan olar. Belə məsələlər Ermənistanda cinayət məsuliyyəti üçün əsasdır, gərək vəziyyəti düzgün izah edəsən. Çünki Ermənistanın Azərbaycanla sərhəd zonasında Artsvaşen (Başkənd) kəndi kimi "suveren ərazisi" var, ondan imtina edə bilmərik. Yəni, Azərbaycan anklav mövzusunu qaldırıb-qaldırmasından asılı olmayaraq, bu məsələ gündəmdə olacaq. Bu isə o deməkdir ki, anklav kəndlər mövzusu istər-istəməz müzakirə predmetidir və bu məsələdə hamımız öz arqumentlərimizlə çıxış edəcəyik”.

Paşinyan xəritə üzərində Başkəndi simvolizə edən kiçik hissəni də göstərib.

Xatırladaq ki, Ermənistan Başkəndin Azərbaycan ərazisində ona məxsus anklav olduğunu iddia edir. Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazisinə aid olan həmin kənddə Birinci Qarabağ müharibəsinə qədər ermənilər məskunlaşıb. 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən uğurlu əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarətinə qaytarılıb.

Hazırda Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan 4 anklav kənd var. Söhbət Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərindən gedir. Məsələnin sərhədlərin müəyyənləşdirilməsi prosesində həll olunacağı ehtimal edilir.

Elxan SALAHOV

Oxşar xəbərlər