19.10.2024, 13:29
AZ EN
05.05.2023, 12:09 488

Ölkə rəhbəri Qarabağda və Şərqi Zəngəzurda quruculuq işlərinə şəxsən nəzarət edir

XƏBƏRLƏR
  • Mayın 4-də Prezident İlham Əliyev Cəbrayıl və Qubadlı rayonlarında növbəti dəfə səfərdə olub. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.

Dövlətimizin başçısı Cəbrayıl rayonunda Xudafərin qəsəbəsinin, Horovlu və Şükürbəyli kəndlərinin təməlinin qoyulması tədbirində və 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışında iştirak edib. “Araz Vadisi İqtisadi Zonası”nda görülən işlərlə, Cəbrayıl şəhərində orta məktəbin binasında tikinti işlərinin gedişi ilə yaxından tanış olub.

Milli Məclisin deputatı Ceyhun Məmmədov ölkə rəhbərinin səfərinə münasibət bildirərkən deyib: "Artıq bir neçə dəfədir Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura səfər edərək burada görülən işlərlə yaxından tanış olur, gərgin iş qrafikinə baxmayaraq hər iki regionda aparılan işlərə özü birbaşa nəzarət edir. Bu eyni zamanda, Prezident İlham Əliyevin hər iki iqtisadi zonada görülən işlərə nə dərəcədə önəm verdiyini və həssas yanaşdığını göstərir.

Onu da qeyd edək ki, Prezident İlham Əliyev bölgədə infrastrukturla yanaşı, yeni iş yerlərinin yaradılması məsələsinə də xüsusi önəm verir.  Bu baxımdan “Araz Vadisi İqtisadi Zonası”nda görülən işlər də xüsusi diqqət çəkir. Burada bir çox yeni müəssisələrin, zavodların yaradılması bölgə insanlarının işlə təmin olunmasına böyük töhfə verəcək".

Deputat əlavə edib ki, burada mühüm məsələlərdən biri də bütün bu işlərin Azərbaycan dövlətinin hesabına həyata keçirilməsidir: "Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə heç bir sosial layihəni təxirə salmadan Qarabağda və Şərqi Zəngəzurda böyük quruculuq və abadlıq işləri həyata keçirilir.

Bu, həm də, bir daha onu söyləməyə əsas verir ki, Azərbaycan mərhələli şəkildə bütün məqsədlərinə ən qısa zamanda nail olacaq. Tezliklə Qarabağ və Şərqi-Zəngəzur dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Bunun üçün bütün addımlar zamanında atılır", - deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər