Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə çıxış edən Ziyafət Əsgərov deyib ki, bu gün Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlığın və dostluğun ən yüksək zirvəsidir və dövlət başçılarımızın imzaladığı Şuşa Bəyannaməsi bu müttəfiqliyimizin hüquqi çərçivəsini təşkil edir.
Ziyafət Əsgərov bildirib ki, müstəqil siyasət yürüdən Türkiyəyə və Azərbaycana təzyiqlər var və bu təzyiqləri dəf etmək üçün səylərimizi birləşdirməli, daha güclü olmalıyıq. O, Azərbaycan və Türkiyə, həmçinin türk dövlətləri arasında təhlükəsizlik və müdafiə üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüb.
TBMM-in Milli müdafiə komitəsinin sədri Hulusi Akar bildirib ki, hər iki ölkə milli təhlükəsizliyin qorunması və cəmiyyətin rifahı naminə bütün lazımi addımları həyata keçirir. O, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin səmimiyyətə və qardaşlığa əsaslandığını deyərək, Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluğu sayəsində əməkdaşlığımızın bundan sonra daha da inkişaf edəcəyini bildirib.
Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayıb. Türk dövlətləri arasında əməkdaşlığın ortaq təhdidlərə qarşı birgə mübarizə, regional təhlükəsizlik və sabitlik baxımından əhəmiyyəti barədə danışıb.
Görüş tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi ilə davam etdirilib. (AZƏRTAC)