Kütləvi məzarlıq, insanların etnik mənsubiyyətinə görə işgəncələrlə qətlə yetirilməsi. Bir əcnəbiyə bu fikirləri çatdırsaq, yəqin ki, həmin hadisələrin keçən əsrdə - I və ya II dünya müharibələri dövründə baş verdiyini düşünər. Amma bu əsla elə deyil. Hərbi cinayətlər, insanların azərbaycanlı olduğuna görə, xüsusən də işgəncə verilməklə öldürülməsi son 30 ildə ermənilərin törətdiyi insanlıq əleyhinə silsilə cinayətlərin xronologiyasını təşkil edir. Başlıbel, Fərrux, Edilli istiqamətlərindəki kütləvi məzarlıqlar seriyasına növbəti ünvan əlavə olundu - Şuşa həbsxanası həndəvərində aşkar olunan kütləvi məzarlıq. Bu, insanlıq əleyhinə törədilmiş növbəti dəhşətli müharibə cinayətidir. İcraçılar yenə erməni faşistləri, qurbanlar isə yenə də azərbaycanlılardır.
Bu sözləri “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
Cəsarət Hüseynzadə qeyd edib ki, ilkin ehtimallara görə, bu məzarlığın günahsız “sakinləri” Şuşa həbsxanasında qanunsuz saxlanılan azərbaycanlılardır. Həmin həbsxanada azərbaycanlılara verilən ağır işgəncələr, törədilmiş amansız zorakılıq, ölüm hadisələri ilə bağlı yüzlərlə faktlar var. Ekspertlərin apardığı təhlillərə görə, işğal dövründə Şuşa həbsxanasında 360 azərbaycanlı əsir və girov saxlanılıb. Bunlardan 216 nəfəri Azərbaycan tərəfinin səyi nəticəsində azad edilmiş, digərlərinin taleyi bu günə qədər məlum deyil. Çox güman ki, aşkarlanan yeni meyit qalıqları həmin şəxslərə aiddir.
“Acınacaqlı hal ondan ibarədir ki, bu günə qədər əsir və girov düşmüş 4 minə yaxın azərbaycanlının taleyi məlum deyil. Bu naməlumluq, eyni zamanda, yeni məzarlıqların tapılması ehtimalını xeyli yüksəldir. Ermənilər bu məzarlıqları salanda həm də güman edirdilər ki, Qarabağ və ətraf rayonlar onların işğalında olduğu üçün həmin cinayətlərin də üstü açılmayacaq. Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz əzəli torpaqlarını erməni işğalçılarından təmizlədikdən sonra həmin ərazilərdə işğal dövründə baş verən bütün dağıntıları, ermənilərin törətdikləri cinayətləri aşkarlayaraq, beynəlxalq təşkilatların diqqətinə çatdırır, müvafiq hesabatlar hazırlayır. Dövlət tərəfindən ardıcıl olaraq bu cinayətlərin beynəlxalq müstəviyə çıxarılması üçün işlər aparılır”, - deyə QHT sədri qeyd edib. (AZƏRTAC)