08.09.2024, 07:07
AZ EN
12.06.2023, 18:10 258

İordaniya nəşri: Azərbaycan Ermənistanı sözdən əmələ keçməyə çağırıb

XƏBƏRLƏR
  • İordaniyanın “Addustur” nəşrində “Azərbaycan Ermənistanı sözdən əmələ keçməyə çağırıb” sərlövhəli geniş məqalə dərc olunub.

Məqalədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı təhlil olunub. İordaniya ictimaiyyətinin diqqətinə çatdırılıb ki, rəsmi Bakı Azərbaycanın normallaşma gündəliyinə sadiq qaldığını və Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözlədiyini bəyan edib. Yazıda qeyd olunub ki, Azərbaycan XİN-in rəhbəri hər iki tərəfin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar apardığını deyib. O əlavə edib ki, son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişineuda aparılan danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə və bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını azaltmağa kömək edib.

Məqalədə vurğulanıb ki, Azərbaycan normallaşma gündəliyinə sadiq qalır və ikitərəfli müzakirələrin gündəliyini formalaşdıran üç konkret istiqamət: dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin tezliklə imzalanması, dövlət sərhədinin delimitasiyası və regionda nəqliyyat kommunikasiyalarının açılması üzrə qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün Ermənistan tərəfindən qarşılıqlı siyasi iradə gözləyir. Ermənistan tərəfindən Azərbaycanın, o cümlədən Qarabağ bölgəsinin suverenliyi və ərazi bütövlüyünün bəyan edilərək tanınması ehtiyatlı optimizm üçün zəmin yaradır. Bununla belə, həmişə olduğu kimi, əməllər sözlərdən daha yüksək səslə danışır. Sülh prosesində irəliləyişə nail olmaq üçün Ermənistan rəhbərliyinin bəyanatları bu ölkənin faktiki davranışında da öz əksini tapmalıdır.

Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin önündə duran əngəllərdən bəhs edilən məqalədə bildirilib ki, nazir C.Bayramov bu məsələ ilə bağlı deyib: “Bu kontekstdə Ermənistanın Azərbaycanın suveren ərazilərində davam edən qeyri-qanuni hərbi mövcudluğu, daxili işlərimizə davamlı müdaxilə, Azərbaycanın mərkəzi hakimiyyət orqanları ilə Qarabağ bölgəsinin erməni əsilli yerli sakinləri arasında dialoqa əngəl yaratması və beynəlxalq səviyyədə, o cümlədən ATƏT çərçivəsində genişmiqyaslı qarayaxma kampaniyasının aparılması bəyan edilmiş bu öhdəliyə ziddir və əksinə, Azərbaycan və Ermənistan arasında dövlətlərarası normallaşma üzrə danışıqlara əsas maneədir”.

Sonda diqqətə çatdırılıb ki, Azərbaycanın xarici işlər naziri hökumətin gördüyü yorulmaz səylər nəticəsində məcburi köçkün ailələrinin birinci qrupunun artıq Azərbaycanın Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə qayıtdığını bildirib. Nazir əlavə edib ki, eyni zamanda, Azərbaycan ərazilərinin kütləvi şəkildə mina və digər partlayıcı maddələrlə çirklənməsi buna əsas maneədir və ciddi humanitar təhlükə yaradır. Fərq qoymadan basdırılan minalar demək olar ki, hər gün insanların həyatına son qoymaqda davam edir. (AZƏRTAC)

Oxşar xəbərlər