"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Hraparak” qəzeti rəsmi açıqlamaya istinadən yazır ki, görüşdə əsas müzakirə mövzusu Baş nazirin təşəbbüsü ilə açılıb. Belə ki, Paşinyanın öz istəti ilə Azərbaycanla davam edən sülh prosesinin gedişatı və gözləntilər ətrafında fikir mübadiləsi aparılıb.
Nəşr "müharibə qaçılmaz olacaq" fikrini bir neçə dəfə təkrarlayaraq xatırladır ki, cəmi bir həftə əvvəl Paşinyan parlament fraksiyası ilə eyni mövzuda və eyni yerdə qapalı görüş keçirmişdi: "Nazirlər Kabinetinin rəhbəri parlament üzvlərinə heç bir sızma olmamasını, Ağazaryanın taleyini təkrarlamamaları üçün xəbərdarlıq etsə də, deputatlardan biri təcili iclasın keçirilməsinə səbəb kimi Yeqişe Kirakosyanın elə həmin gün istefa verməsi olduğunu bildirib. Paşinyan komanda daxilində mümkün narazılığın qarşısını almağa çalışıb. Bir ilə yaxındır ki, mətbuat Kirakosyanın ehtimal olunan istefası barədə yazır, buna səbəb kimi Azərbaycanın tələbi ilə beynəlxalq iddiaların rədd edilməsi göstərilirdi".
Məqalədə o da qeyd edilir ki, vəziyyət belə davam etdikcə cəmiyyətdə müharibə ritorikası və silahlanma artır. Ermənistan hökuməti isə Azərbaycanla sərhəddə eskalyasiyanın olacağını proqnozlaşdırır və buna görə müəyyən hazırlıqlar da müzahidə olunur. Əsas hazırlıqlar isə həm yeni silahların alınmasında, həm də sərhədyanı zonalarda qoşun hissələrinin hərəkət və yerdəyişmələrdə özünü göstərir: "Paşinyan partiyasından olan parlament üzvlərinə bildirib ki, sülh prosesi uzanır, Əliyev nə məhkəmələrdən, nə də dəhliz tələbindən əl çəkmir, imtina etsək, müharibə qaçılmaz olacaq. O, tapşırıb ki, bu barədə ictimaiyyət fəal şəkildə məlumatlandırılsın ki, hamı hər şeyi başa düşsün".
“Hraparak” qəzeti onu da xüsusi olaraq vurğulayıb ki, son həftələr deputatlar Sünik (Zəngəzur) bölgəsinə daha tez-tez baş çəkirlər: "Məsələn, ötən həftə iqtisadiyyat naziri Gevork Papoyan iki dəfə ora gedib və partiya yoldaşları ilə görüşüb. Nazir onlara sünikliləri müharibə ilə qorxutmaq göstərişini verib. Aydındır ki, Əliyev və Ərdoğan bir şeyi başa düşdülər - Nikolu müharibə ilə qorxutmaqla istədiklərinə nail ola bilərlər”.
Göründüyü kimi, Ermənistanda müharibə ritorikası artır, Baş nazir hökumət nümayəndələri ilə qapalı görüşdə "müharibə qaçılmaz olacaq" deyir və sərhəddə yeni təxribatlara zəmin hazırlayır.
Elxan SALAHOV