Məqalədə Azərbaycan xalqının hər il 1990-cı il yanvarın 20-də 26 minlik sovet qoşunları tərəfindən Bakıda aralarında qadın, uşaq və yaşlılar olmaqla vəhşicəsinə qətlə yetirilmiş yüzlərlə günahsız insanın xatirəsini andığı qeyd olunub. Eyni zamanda, Ermənistandan da 250 minə yaxın azərbaycanlı öz doğma yurdlarından qovulub. Həmin ildə qonşu dövlət Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürüb və bu, uzun illər davam edən və böyük faciələrə səbəb olan müharibənin başlanmasına səbəb olub. Təcavüzkar Ermənistanın sovet hakimiyyətinin liderləri tərəfindən dəstəklənməsi Bakıda insanların meydanlarda etirazı ilə nəticələnib.
Müəllif qeyd edib ki, Bakıda yüz minlərlə insanın etiraz dalğası sovet rəhbərliyini təşvişə salıb və Bakıya yeridilən qoşun hissələri dinc əhaliyə qarşı amansız qırğın törədiblər. Sovet lideri Mixail Qorbaçov bununla ümid edirdi ki, Bakı qırğını ilə digər respublikalarda da başlayan milli azadlıq hərəkatı iştirakçılarını qorxudacaq, həmçinin Azərbaycan xalqının mübarizə əzmini sarsıdacaq. Lakin onun bu niyyəti baş tutmadı və 1 milyona yaxın insan meydana axışdı. “Sonradan müasir Azərbaycan dövlətinin qurucusu olmuş Heydər Əliyev həmin faciəli günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu qanlı qırğını qətiyyətlə pislədi və xalqın azadlıq uğrunda mübarizəsinin lideri kimi insanları ruhlandırdı”, - deyə məqalədə diqqətə çatdırılıb.
Məqalədə diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində bir neçə mühüm sərəncamlar imzalayıb, faciə qurbanlarının dəfn edildiyi xiyabanda “Əbədi məşəl” abidəsi ucaldılıb.
Müəllif vurğulayıb ki, Prezident İlham Əliyev də şəhid ailələrinə diqqət və qayğı göstərilməsi siyasətini davam etdirir. Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər və 30 illik fasilədən sonra Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi şəhidlərin ruhuna ehtiramın ən böyük təzahürü oldu. (AZƏRTAC)