"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın mətbuatı məlumat yayıb. “Hraparak” nəşri yazır ki, Tavuşun sərhəddə yerləşən Kirants kəndinin sakinləri bununla bağlı onlara xəbər verildiyini söyləyiblər. Hazırda həmin kənddə yaşayan Andranik Nazaryan deyib ki, proses çərçivəsində Xeyrimli-Əskipara (Kirants-Voskepar) bölgəsində yeni ərazilərin verilməsinə hazırlıq görülür. Onun sözlərinə görə, kənddə yaşayan ermənilər üçün xüsusi əhəmiyyət daşıyan “Qızıl üçbucaq” adlanan ərazinin Azərbaycana qaytarılacağı barədə yayılan məlumatlar onları ciddi narahat edir: "Həmin bölgədəki ərazilər Azərbaycana təhvil verilərsə, oradan keçən qaz kəməri də Bakının nəzarəti altına düşəcək. Ötən il həyata keçirilən demarkasiya prosesi zamanı “Vətən üçün Tavuş” hərəkatının iştirakçıları çox aktiv idilər, hökumətin ərazilərin Azərbaycana qaytarılmasına qarşı çıxırdılar. Amma bu il o qədər də fəallıq hiss olunmur. Düzdür, kənddə yaşayanlar qətiyyətlidir, onlar boş oturmaq istəmirlər, etiraz etməyə və mübarizə aparmağa çalışırlar. Lakin bizim çox ciddi problemimiz var, bizi dinləyən, yol göstərən, torpaqlar uğrunda apardığımız mübarizəyə rəhbərlik edəcək kimsə yoxdur”.
Bununla belə, Andanik Nazaryan delimitasiya prosesinin bu mərhələsində hansı ərazilərin Azərbaycana təhvil veriləcəyi barədə konkret məlumata malik deyil. Amma o, özüq də etiraf edib ki, Paşinyan hökumətinin həmin bölgədə geri qaytarmağa hazırlaşdığı 3 kənd Azərbaycana məxsus anklav ərazilərdir. Bunlar Qazax rayonunun Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləridir.
Xatırladaq ki, ötən il baş tutan demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib.
Elxan SALAHOV