06.02.2025, 00:05
AZ EN
25.10.2024, 11:24 288

Musa Qasımlı: “COP29-un ölkəmizdə keçirilməsi dövlət başçımızın beynəlxalq aləmdəki etibari ilə bağlıdır”

XƏBƏRLƏR
  • "Oktyabrın 24-də Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında cənab Prezidentimiz İlham Əliyevin çıxışında bir neçə prinsipial müddəa əks olunub".

Bu sözləri Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib.

O, bildirib ki, birincisi odur ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Yəni heç bir tərəfin, dövlətin və dövlətlər qrupunun deyil, yalnız özünün milli-dövlət maraqlarının yanındadır, beynəlxalq münasibətlərdə təkqütblülüyün əleyhinədir. Belə yanaşma diplomatiyamıza milli- dövlət maraqlarımızı qorumaqda çeviklik gətirir. Azərbaycan dövləti çoxtərəfli, çoxqütblü xarici siyasətinin səmərəli olduğunu sədrlik etdiyi beynəlxalq təşkilatlarda göstərib.

İkincisi, Azərbaycanın əlverişli coğrafi mövqeyi yürüdülən siyasət nəticəsində siyasi, strateji əhəmiyyət kəsb edir, ölkəmizə faydalar gətirir. Avrasiyanın vacib nəqliyyat qovşağına çevrilən Azərbaycana ehtiyac duyan ölkələrin sayı artır, dövlətimizin beynəlxalq mövqeləri güclənir.

Üçüncüsü, Azərbaycan birləşdirici, model yaradan, dünya problemlərinin səmərəli həlli yollarını göstərən gücə çevrilib. COP29-un ölkəmizdə keçirilməsinə yekdilliklə səs verilməsi bilavasitə dövlət başçımızın beynəlxalq aləmdəki şəxsi nüfuzu, inam və etibarla bağlıdır.

Nəhayət, dövlətimiz beynəlxalq hüququn aliliyi, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərir. Yəni Azərbaycan dövləti heç bir ölkəyə daxili işlərimizə qarışmağa qətiyyət imkan verməyəcəkdir. Bu isə belə xəyala düşənlərə xəbərdarlıqdır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər