Qarabağdan qovulmuş qondarma “Artsax” separatçılarının keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyan məhkəməyə çıxarılır. Qanunsuz erməni hərbi birləşmələrinə rəhbərlik etmiş generalla bağlı cinayət işinə yanvarın 25-də Sisian məhkəməsində hakim Qarik Abelyanın sədrliyilə baxılacaq.
"Vətən səsi" xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, Cəlal Arutyunyan hazırda ev tustaqlığındadır və onun yaşadığı ərazini tərk etmək azadlığı məhdudlaşdırılıb. Bununla belə məhkəmənin ilk iclasında onun özü də iştirak edəcək.
Xatırladaq ki, Cəlal Arutyunyan 44 günlük müharibə günlərində, xüsusilə oktyabrın 12-də ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olan xidməti vəzifələrə vicdansız və səhlənkar münasibətdə ittiham olunur. O isə ittihamı qəbul etmir və bildirir ki, ona qarşı irəli sürülən iddialar siyasi xarakter daşıyır. Erməni separatçılarının öz evində məhbus həyatı yaşayan keçmiş komandanı bəyan edib ki, Paşinyan hökuməti onu ev dustaqlığında saxlamaqla 44 günlük müharibədə acı məğlubiyyətə uğramasının məsuliyyətindən yayınmaq istəyir.
Cəlal Arutyunyanın vəkili Arsen Sardaryan müvəkkilinə qarşı qaldırılmış cinayət işinin siyasi sifariş olduğunu deyib. O, separatçı dəstənin generalına qarşı cinayət təqibinin dayandırılması barədə vəsatət verib. “General açıq-aşkar başqa şəxslərin ixtiyarında olan belə bir əməldə ittiham olunur. Həmin şəxslər diviziyanın mühafizəsini və müdafiəsini lazımınca təşkil etməyən ayrı-ayrı batareyaların rəhbərləridir”.
Cəlal Arutyunyana qarşı 44 günlük müharibə zamanı Qarabağın cənub istiqamətində əks-hücum həyata keçirdiyinə görə başqa cinayət işi başlanmışdı. Vəkilin sözlərinə görə, bu epizodda Cəlal Arutyunyanın təqsirsizliyi sübuta yetirilib, ona qarşı cinayət təqibi dayandırılıb.
Elxan SALAHOV