22.11.2024, 00:33
AZ EN
11.10.2023, 10:56 313

Sülhməramlılar Qarabağdan köçəcəksə... - HARA VƏ NƏ VAXT?

XƏBƏRLƏR

Qarabağ bölgəsində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin daha bir müşahidə məntəqəsi bağlanıb. Bundan əvvəl Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin Əsgəran, Ağdərə və Şuşada yerləşən bir neçə postu bağlanıb.

"Vətən səsi" xatırladır ki, Azərbaycan ordusunun sentyabrın 19-da başladığı və bir sutkadan da az davam edən lokal xaraterli antiterror tədbirlərindən sonra Qarabağ bölgəsində qanunsuz erməni hərbi birləşmələri ağ bayraq qaldıraraq bölgəni tərk edib. Eyni zamanda separatçı-terrorçu dəstənin qoyub qaçdığı silah və sursatlar Azərbaycan ordusu və xüsusi xidmət orqanları tərəfindən aşkar edilərək götürülüb. Rusiya sülhməramlı qüvvələri də üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, qanunsuz erməni hərbi birləşmələrinin tərksilah olunmasında yaxından iştirak edib. Bundan başqa, Azərbaycan ordusunun həyata keçirdiyi təhlükəsizlik tədbirləri zamanı qanunsuz erməni silahlı dəstələrinin mülki obyektlərdən, ictimai binalardan və həyətyanı sahələrdən silah anbarı kimi istifadə etməsi faktları aşkarlandıqdan sonra Ermənsitan hökumətinin himayəsi altında bəslənən xunta rejimi və onun hərbi birləşmələrinin zərərsizləşdirlməsi demək olar ki, başa çatdı. Hazırda isə Azərbaycanın mərkəzi hakimiyyəti erməni terrorçularından təmizlənmiş ərazilərdə özünün suverenliyini bərpa etməkdə bölgədə təhlükəsizliyin, sülh və əmin-amanlığın təmin olunması istiqamətində tədbirləri davam etdirir. Məhz belə bir şəraitdə Rusiya sülhməramlı kontingentinin 44 günlük Vətən müharibəsindən sonra qurduğu müşahidə məntəqələri və patrul postlarının mərhələli ləğvinə başlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova dünən keçirdiyi brifinqdə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatı şərh edərkən sülhməramlılarının bir sıra stasionar və müvəqqəti müşahidə postlarının yığışdırıldığını bir daha təsdiqləyib. O, vurğulayıb ki, sülhməramlılara aid prinsipial məsələlər Bakı ilə müzakirə olunur.

Rusiya prezidenti Vladimir Putin də “Valday”dakı çıxışında Qarabağdakı sülhməramlıların gələcək fəaliyyətindən söz açmışdı. O, Rusiyanın mövcud reallığı qəbul etdiyi fikrini önə çıxararaq Qarabağda sülhməramlılara ehtiyac qalmadığına işarə etmişdi.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə RBK-ya açıqlamasında sülhməramlıların Qarabağda qalan ermənilərlə təmaslara vasitəçilik etdiyini əsas gətirərək hələ ki, bölgədə onlara təlabat olduğunu söyləyib. Bununla yanaşı o, qeyd edib ki, bölgəni tərk edən ermənilər yenidən qayıda bilər və bu halda rus hərbi kontingentinin mövcudluğu onlar üçün sakitlik faktoruna çevriləcək.

Bəs, Moskvanın Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı verdiyi ziddiyyətli mesajların arxasında nə dayanır?

Siyasi analitik Asif Nərimanlı hesab edir ki, əslində Rusiya sülhməramlı kontingentini bölgədən çıxarmaq istəməmir. Lakin antiterror tədbirlərindən sonra bölgədə yaranmış reallıqları nəzərə aldıqda sülhməramlıların Qarabağda fəaliyyətinə ehtiyac olub-olmadığı sual altındadır. Ekspert bunu üç əsas amillə əlaqələndirir:
Birincisi, rəsmi Bakı Xankəndi də daxil olmaqla sülhməramlıların keçmiş nəzarət zonasında mərkəzi hakimiyyətin bərpası prosesini sürətləndirir. Bu ərazilərin təhlükəsizliyinin qorunması işini də artıq Azərbaycan polisi və hərbçiləri həyata keçirir.
İkincisi, Xankəndində qalan əhalinin mərkəzi hakimiyyətlə təmaslarında üçüncü tərəfin vasitəçiliyinə ehtiyac azalır. Ermənilərin dövlət qurumlarına müraciətləri bunu təsdiq edən əsas amildir.
Üçüncüsü, Rusiya gedənlərin geri qaytarılmasına çalışsa da, bu perspektiv zəifdir: gedən ermənilərin sülhməramlılara inamı qalmayıb, eyni zamanda, qayıtmaq istəyənlər Laçın postundan Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda keçə biləcəklər və bu, onların inteqrasiyanı da qəbul etməsi deməkdir.

Asif Nərimanlı bildirir ki, belə bir şəraitdə "Rusiyanın sülhməramlılarla bağlı planı nədir?" sualı ortaya çıxır. Onun fikrincə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sonuncu açıqlaması bunu müəyyən qədər anlamağa imkan verir: "Rusiyanın baş diplomatı bildirir ki, “İrəvan və Bakı iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olması və etimadı möhkəmləndirməyin vaxtı çatıb. Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına öz töhfəsini verməyə hazırdır”.

Ekspert Lavrovun bu açıqlamasını belə şərh edir: "Lavrovun dediklərindən iki nəticə çıxır: "Birincisi, Rusiya sülhməramlılarını Qarabağda saxlamaq üçün Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xidmət etmək adı altında yeni “missiya” ortaya atır. Hərçənd, Qarabağ məsələsi artıq Azərbaycan-Ermənistan danışıqlarından həm hüquqi, həm de-fakto çıxıb. Bu baxımdan, sülhməramlılar Qarabağda qaldığı müddətdə bölgəyə heç bir töhfə verə bilməz, əksinə, Bakı ilə münasibətlərin gərginləşməsini vəd edir. İkincisi, Rusiya Qarabağda qalma perspektivi çətinləşən sülhməramlı qüvvələrini bizim ərazimizdən çıxaracağı təqdirdə bölgədə saxlamaq niyyətindədir: Qarabağın Moskva üçün Bakı və İrəvanı öz orbiti ətrafında saxlamaq rolu azalıb, ruslara Azərbaycan və Ermənistan arasında yeni platforma lazımdır və istisna deyil ki, sülhməramlı kontingenti həmin platformaya köçürmək planları var. Bu variant daha real görünür. Lakin bu platforma hara olacaq, sülhməramlılar iki ölkənin sərhədində dayana bilərmi? Yaxud anklavların qaytarılacağı təqdirdə, bu ərazilərə çıxış üçün verilməli olan kiçik dəhlizlərmi seçiləcək?"

Bu arada Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağdakı sülhməramlılarla bağlı açıqlaması da diqqəti cəlb edir. Paşinyan bildirib ki, "əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsə, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiya Federasiyasına qayıtmalıdırlar". Rəsmi Moskvaya bağlı olan TASS agentliyinin dünən yaydığı məlumatda belə deyilir. Belə anlaşılır ki, Qarabağdakı Rusiya sülhməramlılarının Ermənistana və ya Ermənistanın Azərbaycanla sərhədinə köçürülə biləcəyindən Paşinyan da məlumatlıdır. Amma o, rus sülhməramlı kontingentinin Ermənistana köçürülməsinin əleyhinədir.

Elxan SALAHOV

Oxşar xəbərlər